...

Hemofiliyalı xəstələr tam sağala bilərlər

Cəmiyyət Materials 6 Oktyabr 2015 08:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Dünyada hemofiliyalı xəstələrin tam sağalmasına nail olmaq üçün gen mühəndisliyi yolu ilə işlər görülməyə başlanılıb. Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, artıq Almaniya və İtaliyada müəyyən təcrübə aparılıb. Bu ölkələrdə hemofiliyalı xəstənin geninə təsir edərək gen dəyişikliyi ilə xəstəliyin yüngülləşməyinə və hemofiliyalı xəstənin tam sağalmasına nail olunub.

G.Hüseynova bu məsələlərin Avropa Hemofiliya Konsorsiumunun Serbiyanın Belqrad şəhərində 38 Avropa ölkəsindən iştirakçıların qatıldığı 29-ci konfransında müzakirə edildiyini də söyləyib.

O bildirib ki, Azərbaycanda gen mühəndisliyi yolu ilə xəstələrin sağalmasına nail olmaq üçün ilk növbədə genetik xəstəliklərin qarşısını almağa xidmət edən yüksək səviyyəli tibbi genetik laboratoriyanın yaradılmasına ehtiyac var.

Assosiasiya prezidenti deyib ki, Azərbaycanda bu laboratoriyanın yaradılması çox vacibdir. Çünki bir çox səbəblər üzündən ölkəmizdə genetik xəstəliklər geniş yayılıb.

Xatırladaq ki, Azərbaycandakı 1500-ə yaxın hemofiliyalı xəstənin 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. 40 yaşdan yuxarı hemofiliyalı xəstələrin sayı isə 402 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti