Təfərruatlar əlavə olunub (İlk xəbər saat 21:32-də yayımlanıb)
Bakı. Trend:
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdir.
Trend-in Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda "Kursor" gəmisi kişi cəsədi aşkar etmişdir.
Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Topaz Leqenda" gəmisinə məlumat ötürülmüş və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılmışdır. Cəsədin üzərində olan xilasedici qeyimində "Azneft" yazısı müəyyən edilmişdir.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 9 nəfərin cəsədi tapılıb, 21 nəfərin axtarışı davam etdirilir.