...

Natiq Kərimov Dövlət Təhlükəsizlik Xidmətində saxlanılır

Cəmiyyət Materials 8 Yanvar 2016 12:40 (UTC +04:00)
Yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilərək həbs edilən Nardaran sakini Natiq Kərimov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməyib.
Natiq Kərimov Dövlət Təhlükəsizlik Xidmətində saxlanılır

Bakı. Samir Əli-Trend:

Yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilərək həbs edilən Nardaran sakini Natiq Kərimov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməyib. Bu barədə Trend-ə Natiq Kərimovun vəkili Əyyub Ələkbərov məlumat verib.

Vəkil bildirib ki, dünən Səbail rayon Məhkəməsinin hökmü ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilən N.Kərimov məhkəmə hökmündən sonra Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılır. N.Kərimovun 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüləcəyi vaxt məlum deyil.

Vəkilin sözlərinə görə, məhkəmədə ifadə verən N.Kərimov ona qarşı irəli sürülən ittihamlarda özünü təqsirli bilməyib və günahsız olduğunu deyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, DTX-nin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti