...

Rasim Əliyevin qətli ilə bağlı məhkəməyə şahidlər məcburi qaydada gətiriləcək

Cəmiyyət Materials 13 Aprel 2016 13:13 (UTC +04:00)
Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs edilən, "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Rasim Əliyevin qətli ilə bağlı məhkəməyə şahidlər məcburi qaydada gətiriləcək

Bakı. Samir Əli - Trend:

Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs edilən, "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə R.Əliyevin anası Teyfurə Əliyeva məhkəmə heyətinin, dövlət ittihamçısının və C.Hüseynovun vəkili Adəm Məmmədovun suallarını cavablandırıb.

Vəkil A.Məmmədov vəsatətlə çıxış edərək şahidlərin məhkəmə iclasına məcburi gətirilməsini istəyib. Vəsatət təmin edilib.

Məhkəmə prosesinin növbəti iclası aprelin 27-nə təyin olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti