Bakı. Samir Əli-Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilərək həbs edilən Bakı şəhər sakini Cavid Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror C.Abdullayevin 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə təqsirləndirilən şəxs son söz deyib. Bildirib ki, cinayəti törədən zaman depressiyada olub və hazırda etdiyi əməlindən peşimandır.
Məhkəmənin hökmü ilə Cavid Abdullayev 5 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayonun Sarayeva küçəsində apteklərdən birinə basqın olub. Xətai rayon Polis İdarəsi və 34-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cavid Abdullayevi saxlanılıb. Məlum olub ki, saxlanılan şəxs aptekə basqın edərkən oyuncaq tapanca ilə əczaçını hədələyərək 100 manat tələb edib.
Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman bıçaq aşkarlanıb.
Ona Cinayət Məcəlləsinin 181 (quldurluq), 228 (soyuq silah) maddələri ilə ittiham verilmişdi.