...

Bu gündən müəllimlərin işə qəbulu üzrə ərizə qəbuluna başlanılıb

Cəmiyyət Materials 1 İyul 2016 09:49 (UTC +04:00)
Bu gündən Azərbaycanda müəllimlərin işə qəbulu üzrə ərizə qəbuluna başlanılıb.
Bu gündən müəllimlərin işə qəbulu üzrə ərizə qəbuluna başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gündən Azərbaycanda müəllimlərin işə qəbulu üzrə ərizə qəbuluna başlanılıb.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, müəllimlərin işə qəbulu üzrə ərizə qəbulu iyulun 1-dən 17-dək aparılacaq.

Müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən şəxslər iştirak edə bilərlər.

Müsabiqə 4 mərhələdə təşkil ediləcək.

Müsabiqənin birinci mərhələsində (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatlar yoxlanılır. Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə 60 sual (40 ixtisas 10 metodika 10 məntiq) təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər vakant yerləri seçirlər. Namizədlər dörd yer seçə bilərlər.

Müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

Bu il müsabiqənin keçirilməsi ilə əlaqədar aparılan dəyişikliklərə əsasən, vakant yerlərin seçim sayı 8-dən 4-ə endirilib. Yer tutan namizədlər həmin yerdən imtina edərlərsə, müsabiqənin növbəti yerləşdirilməsində iştirak edə bilməzlər. Əvvəlki illərdə vakant yerlər elektron ərizə doldurularkən seçilirdisə, bu il bu proses test imtahanından sonra mümkün olacaq.

Xatırladaq ki, 2016-2017-ci tədris ili üçün müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrrə müsabiqəyə 3091 vakant yer təqdim olunub. Vakansiyaların 563-ü Bakı şəhərini, digərləri isə bölgələri əhatə edir. İbtidai sinif, kimya, biologiya və fizika fənləri üzrə vakansiyalar üstünlük təşkil edir.

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi başa çatıb.

Müsabiqədə iştirak edən 243 müəllim iş yerini dəyişmək hüququ qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti