...

Akif Çovdarov aclıq aksiyasına başlamaq istəyir (YENİLƏNİB)

Cəmiyyət Materials 30 Yanvar 2017 16:16 (UTC +04:00)
Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Akif Çovdarov aclıq aksiyasına başlamaq istəyir (YENİLƏNİB)

İlk xəbər saat 14:38-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə zərərçəkmiş qismində ifadə verən sahibkar Mübariz Məmmədov istintaqa verdiyi ifadəsini təqsdiq edib. O bildirib ki, onu MTN binasında A.Çovdarov döyüb və döyüləndən sonra Mərkəzi Gömrük Hospitalında ürəyindən əməliyyat olunub.

İttiham aktına əsasən, M.Məmmədov Badamdar qəsəbəsində yerləşən 18 sot torpaq sahəsini satarkən A.Çovdarov onun müştərisi olub və zərərçəkmiş Rafiq Tağıyevin vasitəsilə həmin ərazini 600 min dollara almağa razılaşıblar. Bunun üçün də 300 min dollar beh verib. Lakin sonradan bəlli olub ki, torpağın iki sahibi var, biri M.Məmmədov, ikincisi isə Gənclər və İdman Nazirliyidir. A.Çovdarov işin içində başqa bir dövlət qurumunun olduğunu bildikdən sonra M.Məmmədovu otağına gətirdərək döyüb, işgəncə verib. Bu yolla M.Məmmədovdan behini geri tələb edib, sonra isə torpağın təmənnasız öz yaxın adamının adına keçirilməsinə nail olub.

Sonra məhkəmə iclasında Mərkəzi Gömrük Hospitalının həkimləri ifadə veriblər. Onlar bildiriblər ki, M.Məmmədovun ürəyinə stend qoyulub.

A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında deyib ki, müvəkkilinin səhhətində yenə problemlər yaranıb. Proses günün ikinci yarısında davam etdiriləcək.

Günün ikinci yarısında keçirilən prosesdə zərərçəkmiş M.Məmmədovun epizodu üzrə iki sabiq MTN əməkdaşı dindirilib. Həmin şəxslər M.Məmmədovun MTN-in inzibati binasına gəlmələrindən xəbərdar olduqlarını söyləyiblər.

Daha sonra A.Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə açıqlamasında qeyd edib ki, müvəkkili məhkəmədə onun barəsində keçirilən ekspertizadan narazı olduğunu deyib, buna etiraz olaraq həftənin üçüncü günündən aclıq aksiyasına başlayacağını və məhkəməyə gəlməyəcəyini bildirib.

Məhkəməbin növbəti iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb. Sonra A.Çovdarovun barəsindəki həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovla bağlı cinayət işinin materialları sentyabrın 5-də baxılmaq üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti