...

"Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 24 İyul 2017 15:19 (UTC +04:00)
"Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.
"Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilib (FOTO)

Bakı. Trend:

19-21 iyul tarixlərində IDEA İctimai Birliyi, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən "Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, düşərgə Qəbələ rayonunun Bunud, Vəndam, Tüntül, Yengicə, Nohurqışlaq, Əmirvan, Bılıx, Topbağ və Məlikli kəndlərindən 70-dən çox məktəblinin iştirakı ilə baş tutub.

"Zubrları təbiətimizə qaytaraq!" yay düşərgəsinin əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgə zamanı iştirakçılar zubrların həyat tərzi, reintroduksiya olunacağı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün zəngin təbiətimizə qaytarılması məqsədilə həyata keçirilən reintroduksiya layihəsi haqqında seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

Qeyd edək ki, zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Növün son fərdlərinə keçən əsrin sonlarında Qafqaz dağının ətəyində rast gəlinib. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən zubrların reintroduksiyası ilə bağlı birgə layihəyə başlanıb. Layihə çərçivəsində Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilməkdədir. Layihənin icrasında ən önəmli istiqamətlərdən biri əhalinin, xüsusilə gənclərin maarifləndirilməsidir.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Qəbələ, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl rayonlarından ümumilikdə 300-dən çox məktəbli iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti