...

Attestat balı “5” olan 50-yə yaxın şəxs peşə təhsilini seçib

Cəmiyyət Materials 25 Avqust 2017 15:41 (UTC +04:00)
2017-2018-ci tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.
Attestat balı “5” olan 50-yə yaxın şəxs peşə təhsilini seçib

Bakı. Trend:

2017-2018-ci tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 1-22 avqust tarixlərində keçirilən birinci - ixtisas seçimi mərhələsində iştirak edən 10277 nəfərdən 8651 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, bu il peşə-ixtisas təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunub: “Gözlənildiyi kimi, əhali “ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna çox böyük maraq göstərib. Qəbul prosesində fəal iştirak edən namizədlər və valideynləri seçim edərkən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülərin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələrinin köməyindən həvəslə yararlanıblar. Hazırda peşə-ixtisas təhsili müəssisələrinə qeydiyyat prosesi gedir. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu həftə ərzində şənbə və bazar günləri də daxil olmaqla lazımi sənədləri qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər”.

Qeyd edək ki, qeydiyyat 28 avqusta qədər davam edəcək. “ASAN Peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə isə avqustun 28-dən start veriləcək. Boş qalan yerlər barədə məlumatlar da məhz “ASAN xidmət” mərkəzlərinə təqdim olunacaq. Sentyabrın 7-dək davam edəcək həmin mərhələdə də hər kəs iştirak edə bilər: “Növbəti mərhələ birincinin davamı deyil. Həmin mərhələdə ixtisas seçiminə sadəcə ilk mərhələyə qatılıb, ancaq yer tuta bilməyənlər deyil, həm də peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən istənilən şəxs qatıla biləcək”.

A.Əlili vətəndaşları bu mərhələdə xüsusilə diqqətli olmağa çağırıb: “Birinci mərhələ ilə bağlı ilk təhlillərimiz göstərir ki, prosesdən kənarda qalanların və boş yerlərin qalması, əslində, vətəndaşların düzgün seçim etməməsi ilə bağlıdır. Ya bir yer yazıblar, ya da daha çox maraq göstərilən ixtisaslar seçiblər. Ona görə də veb dizayner, kompüter ustası və operatoru, aşpaz, bərbər, elektrik və qaz qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru mütəxəssisi kimi ixtisaslar üzrə büdcə plan yerlərini seçənlər üstünlük və bu yerlər üzrə vakansiya azlıq təşkil edir. Vətəndaşların düzgün seçim etməməsinin nəticəsidir ki, kənarda qalan namizədlərin, boş qalan yerlərin sayı kifayət qədər olub. Bunu nəzərə alaraq, avqustun 28-dən start verəcəyimiz növbəti mərhələdə iştirak etmək niyyətində olanlardan diqqətli olmalarını xahiş edirik. Bu dəfə vakansiyaların sayı azdır. Deməli, rəqabət daha güclü olacaq. Odur ki, orta bala ən uyğun 10 ixtisas seçsinlər ki, növbəti dəfə kənarda qalmasınlar”.

A.Əlili onu da qeyd edib ki, ötən illə müqayisədə peşə-ixtisas təhsili müəssisələrinə maraq artdığı kimi, iştirakçılar arasında bilik səviyyəsi yuxarı olanlar da çoxalıb: “Ötən il qəbul olunanlardan 25 faizdən çoxunun əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.

Bu il isə nəinki “4”, orta attestat balı “5” olan 50-yə yaxın namizəd qeydə alınıb. Onların bal göstəriciləri bunu deməyə əsas verir ki, gənclərin peşə təhsilinə marağı ildən-ilə yüksəlir. Bu il güclü rəqabət mühitini formalaşdıran başlıca amillərdən biri də məhz ixtisas seçiminə yüksək ballıların qatılmasıdır”.

Xatırladaq ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib.

Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN Peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti