...

Yaponiyalı professorun azərbaycanlı tələbələrlə görüşü olub (FOTO)

Cəmiyyət Materials 9 Mart 2018 19:38 (UTC +04:00)
Prezident yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib.
Yaponiyalı professorun azərbaycanlı tələbələrlə görüşü olub (FOTO)

Bakı. Trend:

Prezident yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Bilik Fondu, Yaponiyanın ölkəmizdəki səfirliyi və ADA Universiteti birgə təşkilatçılığı ilə “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda təşkil olunan tədbiri ADA Universitetinin prorektoru Fariz İsmayılzadə giriş sözü ilə açaraq, qonaqları seminar iştirakçılarına təqdim edib və onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib.

Prorektor Bilik Fondu ilə birgə maarifləndirici tədbirlərə başladıqlarını qeyd edərək, belə tədbirlərin cəmiyyətin bilikləndirilməsi baxımından yüksək əhəmiyyətə malik olduğunu deyib.

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun "Azərbaycan elmi dünyada" və "Dünya elmi Azərbaycanda" layihələri haqqında danışaraq, Fondun nəzdində fəaliyyət göstərən "Diplomatlar" klubundan söz açıb.

R.Həsənov xüsusən beynəlxalq əlaqələr sahəsinə təhsil alan gəncləri kluba üzv olmağa dəvət edib və onların ölkənin dünyada tanıdılması işinə töhfələr verəcəyinə inandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan gəncliyi elmi, savadı, intellektual səviyyəsi, dövlətçilik sevgisi ilə nümunəvi davranış sərgiləyir və belə münasibətin daha da inkişafı istiqamətində Fond maraqlı layihələrə imza ata bilər.

Tədbirdə Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri, Keyo Universitetinin professoru Tomohiko Taniquçi “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda mühazirə ilə çıxış edib.

Tomohiko Taniquçi ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluğunu dilə gətirərək, bu kimi görüşlərin Yaponiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verəcəyini bildirib.

Professor qeyd edib ki, son illər ərzində Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlər daha da dərinləşib. Müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadiyyat, sənaye sahələrində əməkdaşlıq inkişaf edir. Professor bildirib ki, qarşlılıqlı elmi mübadilələrin mütəmadiliyinə ehtiyac var və konkret layihələr əsasında bu zərurətə cavab vermək mümkündür.

Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katorinin, Universitetin müəllim və tələbə kollektivinin, Bilik Fondunda fəaliyyət göstərən klub üzvlərinin iştirak etdikləri tədbir dialoq formatında davam edib, qonaqlar iştirakçıların suallarını ətraflı cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti