...

Məşqçi: Gimnastika yarışları uşaqları bu idman növünə həvəsləndirir

Cəmiyyət Materials 30 İyun 2018 17:33 (UTC +04:00)
"Ocaq Sport" klubunun məşqçisi yetirmələrinin idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının yarışlarındakı çıxışlarından razıdır.
Məşqçi: Gimnastika yarışları uşaqları bu idman növünə həvəsləndirir

Bakı. Cani Babayeva - Trend:

"Ocaq Sport" klubunun məşqçisi Anjella Abdullayeva yetirmələrinin idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının yarışlarındakı çıxışlarından razıdır.

Məşqçi deyib ki, bəzi idmançılar üçün bu, ilk yarış, digərləri üçünsə ikinci, üçüncü idi:

"Onların çıxışlarını yaxşı qiymətləndirirəm. Bəzi çatışmazlıqlar var, amma proqramımız yenidir. Bəzi yerlərdə proqram mürəkkəbləşib və qızlar ilk dəfə bu proqramla çıxış edirdi".

A.Abdullayeva qeyd edib ki, Milli Gimnastika Arenasında genişmiqyaslı beynəlxalq və respublika müsabiqələrinin keçirilməsi uşaqlar idmana həvəsləndirir:

"Uşaqlar gəlir, müsabiqələrə baxır və onlarda gimnastika ilə məşğul olmaq, yüksək nəticə göstərmək arzusu yaranır".

Məşqçi qeyd edib ki, yetirmələrindən hansının gələcəkdə yüksək nəticələrə nail olacağını demək hələ çox erkəndir:

"Elə uşaqlar var ki, başlanğıcda yaxşı nəticə göstərmir, sonra isə liderlər sırasında gedir. Gələcək çempion haqqında danışmaq hələ tezdir. Əlbəttə, qızlar işləyirlər, irəli gedirlər. Mən idmançılarıma eyni ruhda davam etmək, maraqlarını itirməmək üçün cəhd etmək və idman gimnastikasını sevməyi arzulayıram".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilib.

İki gün davam edən yarışlarda ümumulikdə Bakı gimnastika məktəbini, “Ocaq Sport” və “Neftçi” klublarını, “Zirə” mədəniyyət mərkəzini, Respublika Olimpiya İdman Liseyini, eləcə də Sumqayıt şəhərini təmsil edən 100-dən çox gimnast iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti