Bakı. İlhamə İsabalayeva – Trend:
Hazırda təhsil haqqı üçün kredit alan tələbələrin onu geri qaytarmama ehtimalı sıfıra bərabərdir.
Bunu "Maarifçi" Tələbə Kredit Fondundan Trend-in sorğusuna cavab olaraq deyiblər.
Bildirilib ki, Fond üç il ərzində fəaliyyət göstərir və bu günədək tələbələrlə Fond arasında 223 təhsil krediti müqaviləsi imzalanıb. Artıq tələbələrin təqribən 15%-i borc öhdəliklərini geri qaytarmağa başlayıb:
“Hazırda kredit öhdəliklərinin qaytarılmama ehtimalının (NPL) nisbi faizi sıfıra bərabərdir. Lakin kredit borclarının qaytarılması mexanizmləri barədə dolğun və təfərrüatlı məlumat vermək tezdir, çünki bu cür Fondların fəaliyyəti müəyyən sosial məqsədlər də daşıyır. Əlbəttə ki, bütün sahələrdə mövcud olan risklər bu sistem üçün də keçərlidir”.
Fonddan qeyd edilib ki, tələbələrə 2 növdə və faizsiz təhsil kreditləri təklif edilir. Kredit növündən asılı olmayaraq, güzəşt müddəti bütün tələbələrə şamil olunur.
Həm standart, həm də güzəştli paketlərdə kredit alan tələbə hər iki paket üzrə krediti güzəşt müddəti götürməklə ala bilər. Güzəşt müddəti isə kredit paketinin növündən asılı olaraq, 12 ay və ya 24 ay müəyyən edilib. Hərbi xidmətə çağrılan şəxslər üçün hərbi xidmət üzrə təsdiqedici sənəd əsasında əlavə 1 il güzəşt müddəti uzadılır.
Tələbələr təhsilini başa çatdırdıqdan sonra onların güzəşt müddəti başlayır. Güzəşt müddəti bitdikdən sonra tələbələr kredit öhdəliklərini yerinə yetirməyə başlayırlar. Kredit alan tələbə təhsil aldığı müddət ərzində və məzun olduqdan sonrakı güzəşt müddəti ərzində hər hansı bir faiz və ya əsas məbləğ ödənişi həyata keçirilmir. Lakin tələbə kredit borcunu təhsil və ya güzəşt müddəti ərzində də geri ödəyə bilər. Bununla bağlı məhdudiyyət qoyulmayıb.
Xatırladaq ki, maliyyə naziri Samir Şərifov təhsil kreditlərinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı problemin olduğunu açıqlayıb:
“Təhsil krediti alanların onu qaytaracağı böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub - kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək”.