...

Dövlət qulluğu sistemində islahatlara dəstəyin göstərilməsi ilə bağlı layihəsi yekunlaşıb

Cəmiyyət Materials 25 Yanvar 2019 14:15 (UTC +04:00)
25 yanvar 2019-cu ildə “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.
Dövlət qulluğu sistemində islahatlara dəstəyin göstərilməsi ilə bağlı layihəsi yekunlaşıb

Bakı. İlhamə İsabalayeva - Trend:

25 yanvar 2019-cu ildə “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.

Trend-in məlumatına görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə artıq 2 ildən çoxdur ki, Litva Respublikasının tərəfdaşlığı ilə həyata keçirilib. Layihə çərçivəsində benefisiar qurum Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Litva tərəfindən layihə tərəfdaşları isə Litva Respublikası Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi olub.

Layihənin əsas məqsədi Azərbaycanda qabaqcıl Avropa təcrübəsinə uyğun olan peşəkar, dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, vəzifə sisteminin təsnifatlandırılması, onun işəgötürmə, fəaliyyətin qiymətləndirilməsi və əmək haqqı sistemi ilə əlaqələndirilməsi üçün Dövlət İmtahan Mərkəzinin mövcud imkanlarını və fəaliyyətinin səmərəliliyini artırmaq, həmçinin mövcud alətləri təkmilləşdirməkdir.

Bağlanış mərasimində Azərbaycan və Litvanın dövlət qurumlarından, o cümlədən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bir sıra vəzifəli şəxslər çıxış edib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə öz çıxışında qeyd edib ki, layihə çərçivəsində litvalı həmkarlarımızla birgə bir çox yerli təşkilatlarla mühüm işlər görülüb, onlar üçün treninqlər keçirilib, vəzifələrin təsnifat sisteminin təkmilləşdirilməsi, dövlət qulluğuna qəbul sisteminin daha da inkişaf etdirilməsi, fəaliyyətin qiymətləndirilməsi, əmək haqqı sisteminin təkmilləşdirilməsi istiqamətləri üzrə təkliflər irəli sürülüb və fikrimcə, kifayət qədər müsbət nəticələr əldə edilib. Sədr bildirib ki, bu layihə çərçivəsində bir çox praktik nəticələr də əldə edilib. Misal üçün, xidməti fəaliyyətin qiymətləndirilməsi sahəsində təqdim olunan yeni yanaşmalar çox müsbət qarşılanıb. Həmçinin layihənin hər bir komponenti üzrə ekspertlər tərəfindən zəruri tövsiyələr verilib və gələcək üstünlüklər barədə geniş izahat işləri aparılıb.

Sahənin hərəkətverici qüvvəsi hesab olunan bir komponent – mükafatlandırma sistemi ilə bağlı 14 ekspert missiyası və 1 təlim səfəri baş tutub. Mükafatlandırma sistemi haqqında qanun layihəsinin işlənib hazırlanması ilə bağlı müqayisəli araşdırmalar və müxtəlif hesablamaların dəqiq təhlili aparılıb və hazırda bu qanun artıq qəbul olunmaq mərhələsindədir.

Litva tərəfindən layihə rəhbəri olan Alminas Maciulis layihənin Tvinninq müqaviləsində nəzərdə tutulan əsas nəticələrinin əldə olunmasından məmnunluq duyduğunu və layihə dövründə həyata keçirilən təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olduğunu bildirib. O, qeyd edib ki, 2019-2025-ci illər üzrə Azərbaycan Respublikasında Dövlət Qulluğunun İnkişafına dair Strategiyanın 2018-ci ilin noyabrında qəbul edilməsi dövlət qulluğunun daha da inkişafı baxımından olduqca əhəmiyyətli hadisədir. A.Maciulis gələcəkdə də Litvanın Azərbaycanla sıx əlaqələr qurmağa hazır olduğunu və 2019-cu ildə Azərbaycan - Litva diplomatik əlaqələrinin 100 illiyinin qeyd olunacağını vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas tədbirdə çıxış edərək layihə çərçivəsində həyata keçirilən tədbirləri və aparılan islahatları müsbət qiymətləndirib və Avropa İttifaqının bu sahədə fəaliyyətə və həyata keçirilən islahatlara dəstək göstərməyə daim hazır olduğunu bildirib.

Layihənin Azərbaycandakı Rezident Tvinninq müşaviri Edvardas Jukauskas Layihənin iki il ərzində əldə etdiyi nəticələr barədə təqdimatla çıxış edərək onun 4 əsas istiqamətdə fəaliyyət göstərdiyini qeyd edib: dövlət qulluğu vəzifələrinin məzmun yönümlü qruplaşdırılması, dövlət qulluğuna işə qəbulda yeni seçim metodlarının təklifi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və əmək haqqı sistemi üzrə təkliflər. O bildirib ki, bütün adıçəkilən istiqamətləri əlaqələndirə biləcək universal həll yolu kompetensiyaya əsaslanan İnsan Resurslarının İdarəetmə (İRİ) modelinin tətbiqidir və artıq bu ideya Azərbaycanın Dövlət Qulluğunun İnkişaf Strategiyasında öz əksini tapıb.

Dövlət qulluğu vəzifələrinin yeni təsnifatı ilə bağlı həyata keçirilən işlər barədə danışan E.Jukauskas oxşar vəzifələr üçün tələb olunan bilik və bacarıqların ümumiləşdirilməsi və dövlət səviyyəsində İRİ-ni asanlaşdırmağa yardım edən standart vəzifə profillərinin və bilik, bacarıqlar sisteminin yaradıldığını qeyd edib. Layihənin ikinci komponenti olan dövlət qulluğuna qəbul prosesinin təkmilləşdirməsi ilə bağlı o, təklif olunan əsas ideyanın seçim prosesində namizədin biliyinin yoxlanılması dərəcəsinin azaldılaraq, daha çox onların bilik və bacarıqlarının, potensialının yoxlanılmasına diqqət yönəldilməsi olduğunu vurğulayıb.

Son olaraq Rezident Tvinninq Müşaviri təklif olunan yeni əmək haqqı sistemində əsas ideyalardan biri kimi əmək haqqı strukturunun hər bir komponentinin çox dəqiq məqsədinin olması və görülən işin keyfiyyətindən asılı olaraq əmək haqqı sistemində horizontal ödənişlərin artırılması imkanının verilməsindən danışıb. O, vurğulayıb ki, dövlət qulluqçularının əmək haqqı barədə hazırlanan qanun layihəsi müvafiq orqanlara rəy verilməsi üçün artıq təqdim olunub və layihənin təkcə son bir neçə ayı ərzində bu qanun layihəsi üzərində işlədiyimizə baxmayaraq, biz çox məmnunuq ki, layihənin sonuncu komponenti üzrə daha böyük nailiyyət əldə olunub.

E.Jukauskas, həmçinin layihə müddətində keçirilən görüşlər, seminarlar, təlim səfərlərinin həm Dövlət İmtahan Mərkəzi, həm də dövlət orqanlarının müvafiq əməkdaşlarının Aİ ölkələrində mövcud olan müasir İRİ həlləri ilə tanışlığı baxımından önəmli olduğunu vurğulayıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti