Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Böyük Britaniyanın London South Bank Universiteti nümayəndəsi Linsey Cole və Changeschool nümayəndəsi Viren Lall tərəfindən müəllimlər və tələbələr üçün intensiv təlimlər keçirilib.
AzMİU-dan Trend-ə verilən məlumata görə, təlimlər British Council tərəfindən həyata keçirilən "Creative Spark" proqramı çərçivəsində təşkil olunub.
Layihənin əsas məqsədi tələbələrdə müəssisə və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, startap layihələrin həyata keçirilməsinə təkan verilməsi, müəllimlərin müəssiə və sahibkarlıq təhsilini öz tədris planlarında önə çəkmələri və bu sahədə Böyük Britaniya təcrübəsini tətbiq etmələrindən ibarət olub.
Təlimlər zamanı müəllimlər və tələbələr müxtəlif biznes modelleri üzərində işləyib, öz biznes ideyalarını necə təkmilləşdirməyin yollarını öyrənib və həmin ideyaları kiçik maketlər formasında hazırlayaraq təqdim ediblər. Təlimlərin maraqlı və yadda qalan məqamlarından biri də müəllimlərin və tələbələrin birbirlərinin işini müşahidə edərək öz fikirlərini bildirmələri olub.
Sonda isə bütün iştirakçılara London South Bank və Changeschool tərəfindən sertifikatlar təqdim olunub. Sertifikatları Böyük Britaniyadan olan mütəxəssislər Linsey Cole, Viren Lall, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova və Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva təqdim edib.