...

Aerobika gimnastikası üzrə Avropa çempionatında aero-dans proqramında Azərbaycan komandası finala çıxıb

Cəmiyyət Materials 25 May 2019 13:08 (UTC +04:00)
Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında böyüklər arasında aero-dans proqramında Azərbaycan komandası finala çıxıb.
Aerobika gimnastikası üzrə Avropa çempionatında aero-dans proqramında Azərbaycan komandası finala çıxıb

Bakı. Cani Babayeva - Trend:

Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında böyüklər arasında aero-dans proqramında Azərbaycan komandası finala çıxıb.

Trend-in məlumatına görə, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayevadan ibarət komanda 17.350 xal toplayaraq ikinci yerdə qərarlaşıb.

Həmçinin finala Rusiya (17.400 xal), Rumıniya (17.250 xal), İtaliya (17.100 xal), Macarıstan (16.875 xal), Ukrayna (15.850 xal) və Almaniya (14.750 xal) komandaları çıxıb.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti