Bakı. Trend:
Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə idman avtomobillərinin yarışı və şousu keçiriləcək.
AAF-dan Trend-ə bildirilib ki, Heydər Əliyev Park Kompleksi ərazisində təşkil olunacaq tədbirdə 40-dan çox avtomobil – “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edəcək.
Tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Nayl Qan (Niall Gunn), drift üzrə Almaniya çempionu Sebastian Fontiyn (Sebastian Fontijn), “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards (Martin Richards), “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis (Antanas Kyguolis), eləcə də yerli drift və “Volkicar” pilotları iştirak edəcəklər.
Tədbirdə “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunacaq. Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövsuzunda viktorina da keçiriləcək, 20 fəal iştirakçı mükafatlandırılacaq.
Tədbir çərçivəsində Gəncədə uşaqlar üçün Yol Hərəkəti Təhlükəsizliyi həftəsi də keçiriləcək. Bununla əlaqədar sentyabrın 30-dan oktyabrın 4-dək Gəncə şəhərindəki bir sıra ümumtəhsil məktəblərində təşkil olunacaq təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaq. Uşaqlara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər üzrə məlumat veriləcək.