Bakı. Trend:
2020-2021-ci tədris ilində peşə təhsili pilləsinə qəbul üçün müraciət edənlərin sayı açıqlanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə bildirilib ki, bu günə olan məlumata əsasən tələbə qəbulu prosesində 8263 nəfər elektron qeydiyyatdan keçərək hesab açıb. Elektron qeydiyyatdan keçənlərin 6061-i ixtisas seçimi edib.
Peşə təhsili pilləsinə qəbul üçün müraciət iki mərhələdə həyata keçirilir və maraqlı olan şəxslər avqustun 24-dək https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməklə yanaşı, ixtisas seçimini də yekunlaşdırmalıdırlar. Müraciət ünvanlayan şəxs müvafiq ixtisasları seçdikdən və təsdiq etdikdən sonra şəxsi kabinetinə daxil olaraq müraciətinin statusunu izləyə bilər. Qeyd edək ki, buraxılış imtahanında iştirak etməyən şagirdlər də ümumtəhsil müəssisələri tərəfindən şagirdin bitirdiyi tədris ili, təhsil bazası və fənlər üzrə illik qiymətləri qeyd olunan arayış əsasında peşə təhsili pilləsinə qəbul prosesində iştirak edə bilər. Müraciət edənin qeydiyyat prosesi ilə bağlı çətinliyi yaranarsa, şəxsi kabinetində yer alan “təlimat”la, həmçinin “videotəlimat”la tanış olmalı və həlli tapmayan digər hallarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin qaynar xətti (012-599-12-77) və sosial media vasitələri üzərindən müraciət ünvanlamalıdır. Bu il ilk dəfə olaraq tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq. Peşə təhsili almaq istəyənlər arasında ən çox üstünlük verilən ixtisaslar, məhz işəgötürən müəssisələrlə birgə həyata keçirilən ikili proqramlardır.
Müsabiqənin nəticələri avqustun 25-də elan ediləcək və qəbul olunan namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə SMS gələcək.
Xatırladaq ki, 2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılacaq. Peşə təhsili müəssisələrində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə təhsil almaq hüququnu təmin edir. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, şəhid ailəsinin üzvləri, I, II və III dərəcə əlilliyi olanlar və 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımı alanların, hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olan tələbələr, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanların təhsil haqqının yarısı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.