...

28 sentyabr Ümumdünya quduzluq xəstəliyi ilə mübarizə günüdür

Cəmiyyət Materials 28 Sentyabr 2021 12:48 (UTC +04:00)
28 sentyabr Ümumdünya quduzluq xəstəliyi ilə mübarizə günüdür

Bakı. Trend:

Quduzluq (lat. Rabies) virus mənşəli və itigedişli infeksion xəstəlik olub, sinir sisteminin iltihabi, degenerativ və nekrotiki zədələnmələri ilə səciyyələnir. Zoonoz olduğundan bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxurlar. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, virus xəstə heyvanların tüpürcəyi ilə ifraz olunduğundan xəstəlik daha çox quduz heyvanların dişləməsi nəticəsində baş verir.

Xəstəliyin törədicisi miksoviruslar qrupunun Rhabdoviridae ailəsinin Lissavirus cinsinə mənsub olan RNT tərkibli neyrotrop virusdur (Rabies virus). Quduzluq virusu xarici mühit amillərinə qarşı davamsız olub, 56ᵒ C temperaturda 15 dəqiqə, qaynadıldıqda isə 1-2 dəqiqə müddətində inaktivləşir. Dezinfektantlara qarşı həssas olan virus mənfi temperatura və fenolun təsirinə qarşı davamlıdır.

Xəstəlik törədicisinin mənbəyi xəstə ev heyvanları (əsasən it və pişiklər) və vəhşi heyvanlar (canavar, tülkü, çaqqal, porsuq, skuns, yenot və s.) hesab olunur. Yarasalar və gəmiricilərin rezervuar olaraq xəstəliyin yayılmasında rolu böyükdür.

İnsanlar arasında yoluxmanın 99 %-i quduz itlərin dişləməsi ilə baş versə də, zədələnmiş dəri və selikli qişaların (cırmaq və ya yara yeri) xəstə heyvanın ağız suyu ilə təması da yoluxmaya səbəb olur. Son məlumatlara görə, xəstəliyin alimentar (qida və su ilə), aerogen (hava-damcı yolu ilə), transplasentar (plasenta ilə anadan balaya), həmçinin orqan və toxuma transplantasiyası zamanı da ötürülməsi mümkündür. Nəzəri cəhətdən xəstəliyin insandan insana yoluxması mümkün hesab edilsə də, praktik olaraq belə hal qeydə alınmayıb.

Dişləyən heyvanın növü, dişlənmə nahiyəsi, virusun virulentliyi və miqdarı, həmçinin immun sistemin aktivliyindən asılı olaraq xəstəliyin gedişatı üç mərhələyə bölünür. Prodromal (ilkin) mərhələdə temperaturun subfebril yüksəlməsi, iştahsızlıq, qusma və əzələ ağrıları ilə yanaşı, dişlənmə yerində qızartı, ağrı və ya qaşınma halları müşahidə edilir. Daha sonra həyəcan, qorxu və depressiya yaranmaqla hərəkətin koordinasiyası pozulur. Aqressiya mərhələsində narahatlıq və həyəcan artmaqla hidrofobiya (sudan qorxmaq), aerofobiya (külək səsindən qorxmaq), fotofobiya (işıqdan qorxmaq) və akustikofobiya (səsdən qorxmaq) əlamətləri ilə xəstəlik kəskinləşir. Sialoreya (ağız suyunun artması) və tərləmənin artması ilə yanaşı, ətraflarda, dil, udlaq və tənəffüs əzələlərində spastik qıcolmalar baş verir. İflic mərhələsində isə həyəcan və qorxu əlamətləri ilə yanaşı, hərəkət və hissiyyat funksiyaları itir. Asfiksiya və ürək fəaliyyətinin dayanması səbəbindən ölüm baş verir.

Qeyd edək ki, quduzluq xəstəliyinə yoluxma zamanı xəstəliyin ilkin kliniki əlamətləri müşahidə edildiyi təqdirdə peyvəndləmənin effekti olmur və yoluxma 100 % letallıqla bitir.

Xəstəliyin inkubasiya dövrü dişləyən heyvanın növü, virusun virulentliyi, daxil olma nahiyəsi, immun sistemi və digər amillərdən asılı olaraq 10 gündən 3-4 aya qədər, bəzən isə bir ilədək davam edə bilər. Orqanizmə daxil olan virus neyrogen yayılaraq ilk növbədə baş və onurğa beynin, daha sonra isə periferik sinir sisteminin, həmçinin tüpürcək vəzilərinin hüceyrələrində intensiv inkişaf edərək iltihabi, distrofik və nekrotik proseslərə səbəb olur. Baş beyin hüceyrələrinin sitoplazmasında Babeş-Neqri cisimciklərinin əmələ gəlməsi quduzluq xəstəliyinin diaqnostikasında əhəmiyyət kəsb edən xarakterik əlamətdir.

Virusun orqanizmə hemotogen və limfagen yayılması da istisna edilmir. Belə ki, xəstəlik zamanı qanda aneozinofiliya fonunda limfasitar leykositozun inkişaf etməsi qeydə alınır. Tədqiqatlara görə, quduzluq virusu qlikoproteidlərinin aminturşu spektrində aminturşularının yerləşmə ardıcıllığı ilan zəhərindəki neyrotoksinlərlə analojidir.

Quduzluq xəstəliyinə diaqnoz epidemioloji məlumatlar, kliniki əlamətlər və laborator müayinələr (mikroskopik, immunoflüorosent, molekulyar-genetik) əsasında qoyulur.

Quduzluq xəstəliyi Antarktidan başqa demək olar ki, bütün dünyada yayılıb. Xəstəlik səbəbindən baş verən insan ölümünün 95 %-i Asiya və Afrika ölkələrinin payına düşür. Son dövrlərdə isə Ada ölkələrində (Avstraliya, Böyük Britaniya, Yaponiya, Yeni Zelandiya, Malta, Kipr), İsveç, İsveçrə, Finlandiya, İspaniya və Portuqaliyada insanlar arasında quduzluğa yoluxma ilə bağlı məlumatlar qeydə alınmayıb.

Quduzluğun spesifik müalicə üsulu yoxdur. Mövcud olan “Miluoki protokolu” əsasında süni komaya salınma yolu ilə həyata keçirilən müalicə metodu nadir hallarda effekt verir. Odur ki, xəstə və ya xəstəliyə şübhəli heyvanlar tərəfindən dişlənmə zamanı dərhal tibb müəssisəsinə müraciət edilməlidir. Risk qrupuna daxil olan şəxslərin (baytar həkimləri, kinoloqlar, ovçular, laboratoriya işçiləri və s.) dövri olaraq peyvəndlənməsi quduzluqdan qorunmaq məqsədilə həyata keçirilən zəruri profilaktiki tədbir kimi qiymətləndirilir. Ümumiyyətlə, quduzluqdan qorunmaq üçün aşağıdakılar nəzərə alınmalıdır:

heyvan alqı-satqısı yalnız baytar həkimin nəzarəti altında həyata keçirilməli;
ev heyvanları (sahibli və ya sahibsiz it-pişiklər) dövri olaraq peyvəndlənməli;
sahibsiz heyvanlarla təmasa (əl vasitəsilə yemləndirmə, sığallama və s.) yol verilməməli;
heyvanlar tərəfindən dişlənmə, həmçinin dəri və ya selikli qişalardakı zədələrin heyvanın ağız suyu ilə təması zamanı dərhal tibb müəssisəsinə müraciət edilməlidir.

Dişləyən heyvan bəlli olduğu halda, onun izolyasiya edilərək 2 həftə müddətində baytar həkimin nəzarəti altında saxlanması dişlənən insanların xəstəliyə görə peyvəndlənmə prosedurunun həyata keçirilməsində vacib hesab olunur.

Qeyd etmək lazımdır ki, heyvanlar tərəfindən dişlənmə zamanı dərhal qeyri-spesifik profilaktiki tədbirlər görülməlidir. Zədəli nahiyə intensiv olaraq sabunlu və ya təmiz su ilə dərindən və yaxşı yuyulmalıdır. Həmin nahiyədə kəsiyin aparılması və tikiş qoyulması, eləcə də yara yerinin yandırılması yolverilməz hesab olunur.

Problemin aktuallığı və ciddiliyi nəzərə alınaraq, hər il 28 sentyabr “Ümumdünya quduzluq xəstəliyi ilə mübarizə günü” (World Rabies Day) kimi qeyd olunur. Bu, quduzluq xəstəliyinə qarşı 1885-ci ildə peyvənd kəşf etmiş fransız alimi L. Pasterin anım gününün (28 sentyabr 1895-ci il) əbədiləşdirilməsi məqsədilə təsis edilib. İnsan sağlamlığının təmin olunması məqsədilə WHO, OİE və FAO kimi beynəlxalq təşkilatlar tərəfindən kompleks tədbirlər çərçivəsində həyata keçirilən “Quduzluğa qarşı mübarizədə birləşək” platformasının məqsədi 2030-cu ilə qədər itlər tərəfindən törədilən quduzluq xəstəliyi səbəbindən baş verən insan ölümünün sayını sıfıra endirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti