Bakı.Trend:
Çindən ölkəmizə səfər edən turistlərin sayı əvvəlki illə müqayisədə 49% artıb.
Trend xəbər verir ki, bu fikirləri bu gün Bakıda ilk dəfə Çinin 50-dən çox turizm şirkətinin və yerli turizm sənayesi üzvlərinin iştirakı ilə keçirilən “China Visitors Summit”də Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O bildirib ki, hazırda burada Çinin 50-dən çox turizm şirkətinin nümayəndəsi, eləcə də Azərbaycanın yerli turizm sənayesinin nümayəndələri iştirak edir.
“Bu tədbir, həmçinin iki ölkənin turizm sənayesi nümayəndələri arasında əməkdaşlığın inkişafına, həm də ölkənin turizm potensialının tanıdılmasına xidmət edəcək”.
F.Nağıyev bildirib ki, Azərbaycan və Çin arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Aprel ayında imzalanan vizadan qarşılıqlı azadolma sazişi, eləcə də Bakı-Pekin və Bakı-Urumçi istiqamətində birbaşa aviareyslərin fəaliyyəti bu əməkdaşlığın real göstəricilərindəndir.
Agentlik sədri qeyd edib ki, bu gün Çin Azərbaycana gələn turistlərin sayına görə ilk on ölkə arasında yer alır.
“2025-ci ilin yanvar-oktyabr aylarında Çindən ölkəmizə səfər edən turistlərin sayı əvvəlki illə müqayisədə 49% artaraq 57 min nəfərə çatıb”,- deyə F.Nağıyev əlavə edib.
