Bakı.Trend:
Çində keçirilən beynəlxalq sərgilərdə, Pekin, Şanxay, Quançjou, Şençjen və digər şəhərlərdə təşkil etdiyimiz təqdimatlar, həmçinin onlayn kampaniyalar Azərbaycanın Çin bazarındakı mövqeyini möhkəmləndirib.
Trend xəbər verir ki, bu fikirləri bu gün Bakıda ilk dəfə Çinin 50-dən çox turizm şirkətinin və yerli turizm sənayesi üzvlərinin iştirakı ilə keçirilən “China Visitors Summit”də Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O qeyd edib ki, Dövlət Turizm Agentliyi Çinlə əməkdaşlığı iki əsas istiqamətdə genişləndirməyi hədəfləyir:
"Bunlar ölkəmizə gələn çinli turistlərin Azərbaycanda daha rahat şəkildə qarşılanması, yerli turizm sənayesinin çinli turistləri qəbul etməyə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “China Ready” konsepsiyasının tətbiqi və Azərbaycanın turizm imkanlarının Çində daha geniş tanıdılması üçün marketinq fəaliyyətlərinin genişləndirilməsidir".
Agentlik sədri deyib ki, gələn il üçün Azərbaycan Turizm Bürosunun Çində daimi nümayəndəliyinin yaradılması planlaşdırılır:
“Bu addım Çin bazarında daha dərin inteqrasiyanı təmin edəcək və turizm əlaqələrinin yeni mərhələsinə yol açacaq”.
O, əlavə edib ki, bütün bu təşəbbüslər Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcək.
