Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumu (WUF13) mənzil sahəsində dayanıqlı və inklüziv həllərin birgə axtarışı üçün unikaldır platformadır.
Trend xəbər verir ki, bunu bu gün Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABITAT) İcraçı Direktoru Anaklaudiya Marineyro Senteno Rosbah diplomatik korpus üçün WUF13-ə həsr olunmuş brifinqdə bildirib.
"WUF13 - mənzil sektorunun qlobal miqyasda inklüzivliyi, bərabərliyi və iqlim dayanıqlığını necə təşviq edə biləcəyinin araşdırılması baxımından bütün iştirakçıları və maraqlı tərəfləri birləşdirən unikal bir platformadır", - deyə o bildirib.
Rosbah vurğulayıb ki, dünya hər gün dərinləşən qlobal mənzil böhranı ilə üzləşir. Təxminən 3 milyard insan qeyri-kafi şəraitdə yaşayır, 1 milyarddan çoxu xarabalıqlarda və qeyri-rəsmi yaşayış məntəqələrindədir, 300 milyondan çox insan isə evsizdir.
Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.
