Bakı. Trend:
Rusiyanın sabiq Baş naziri Mixail Kasyanov Rusiyada terrorçular və ekstremistlərin siyahısına daxil edilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat “Rosfinmonitorinq”in rəsmi saytında yer alır.
“Kasyanov Mixail Mixayloviç, 12.08.1957-ci il təvəllüdlü, Moskva vilayəti”, — deyə bazada terrorçuların siyahısında göstərilir.
Ötən ilin noyabrında “Rusiya Veteranları” hərəkatının iştirakçıları Baş Prokurorluğa müraciət edərək Kasyanovdan Moskvanın mərkəzindəki 700 milyon rubl dəyərində olan mənzilin alınmasını tələb etmişdilər.
Həmin ayın özündə sabiq Baş nazir xarici agentlərin fəaliyyəti ilə bağlı qanunun pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuşdu. Moskvanın Tağanski rayon məhkəməsi onu təqsirli bilmiş və 45 min rubl məbləğində cərimə təyin etmişdi.
2023-cü ilin noyabrında Kasyanov Rusiya hökuməti tərəfindən xarici agent kimi tanınıb. Ədliyyə Nazirliyinin bildirdiyinə görə, o Rusiya Federasiyasının dövlət hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlar və həyata keçirdiyi siyasət barədə etibarsız məlumatlar yayıb. Kasyanov hazırda Rusiyada yaşamır.
