Bakı. Çingiz Səfərli- Trend:
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər keçirilib, həmçinin müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunub.
Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.
Məlumata görə, birgə əməkdaşlıq çərçivəsində bugünədək 109 təsərrüfatda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə videomonitorinqlər aparılmiş, 40 pomidor istehsalı müəssisəsinə isə rusiyalı mütəxəssislərin iştirakı ilə yerində baxış keçirilmişdir.
AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun rəhbərliyi arasında aparılan mütəmadi danışıqlar, ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad və görülən işlərin məntiqi nəticəsi olaraq Agentliyin zəmanəti ilə həmin təsərrüfatlarda vizualizasiya aparılmadan “Rosselxoznadzor" tərəfindən 1 noyabr 2021-ci il tarixindən daha 18 pomidor istehsalı müəssisəsindən pomidor ixracına icazə verilib.
Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 205 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 360133 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 200.1%-ni təşkil edir.
Qeyd edək ki, pomidor yetişdirilən təsərrüfatlarda zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı effektiv mübarizə tədbirlərinin aparılması məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən keçirilən monitorinqlərin miqyası daha da genişləndirilmiş və təsərrüfatların sağlamlaşdırılması istiqamətində sahibkarlara hərtərəfli metodiki köməklik göstərilməkdədir.