...

“701 saylı hərbi hissə kəlbəcərlilərin xilasında” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2022 20:48 (UTC +04:00)
“701 saylı hərbi hissə kəlbəcərlilərin xilasında” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə “Müzəffər Azərbaycan Ordusunun ərazi bütövlüyümüz uğrunda döyüşlərdə düşmən qarşısında yenilməzliyi”nə həsr olunmuş “701 saylı hərbi hissə kəlbəcərlilərin xilasında” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə 1992-1993-cü illərdə regionda hərbi-siyasi vəziyyət və 1993-cü ilin baharında Kəlbəcərdə baş vermiş hadisələr xatirlanıb, Kəlbəcər əməliyyatı təhlil olunub.

Tədbirdə Müdafiə Nazirliyinin hərbi hissələrinin, Hərbi Akademiyanın, Fövqəladə Hallar Nazirliyinin, veteran təşkilatlarının, Qarabağ müharibəsi veteranlarının və digər idarə-müəssisələrin nümayəndələri iştirak ediblər.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə mərasimdə çıxış edərək bildirib ki, 1993-cü ilin fevralında Ağdərə rayonunun böyük bir hissəsinin işğal olunması Kəlbəcərə gedən yolların bağlanmasına və rayonun blokadaya alınmasına səbəb oldu. Bu hərbi əməliyyatları ilə düşmən növbəti gedişdə Kəlbəcəri işğal edəcəyini açıq-aşkar hiss etdirirdi. Lakin o dövrdə ictimaiyyət ermənilərin beynəlxalq qalmaqaldan ehtiyatlanaraq Dağlıq Qarabağın hüdudlarına daxil olmayan Kəlbəcərə heç bir vaxt hücum etməyəcəklərinə sadəlövhcəsinə inanırdılar.

1993-cü ilin fevralında Kəlbəcər rayonu artıq mühasirə vəziyyətində idi. Əgər düşmən öz niyyətinə nail olaraq 60 minlik Kəlbəcər əhalisini ələ keçirsəydi, bu qətliam yaxın tariximizdə baş vermiş Xocalı faciəsindən də daha dəhşətli soyqırımı olardı. Milli ordumuzun 701 saylı hərbi hissəsi Kəlbəcər könüllüləri ilə birlikdə düşmənin niyyətini gözündə qoydu və əhalinin bir nəfərinin belə burnu qanamadan o ərazidən təxliyə olunmasında misilsiz qəhrəmanlıq göstəriblər.

Əzizağa Qənizadə deyib ki, düşmən martın 26-da heç bir müdafiə qüvvəsi olmayan Kəlbəcər rayonunu işğal etmək üçün Ağdərə rayonundan 3, Laçın rayonundan 1, Ermənistan-Azərbaycan dövlət sərhədindən isə 2 istiqamətdən ümumi sayı 6 alaydan ibarət olan qüvvə ilə hücuma keçdi. Həmin ağır dəqiqələrdə Kəlbəcər əhalisinin köməyinə qonşu Laçın rayonunun dəhlizi uğrunda döyüşən 701 saylı briqada özünü çatdırdı. Əgər düşmənin 6 alayı altı müxtəlif istiqamətlərdən deyil, yalnız Laçın rayonundan hücuma keçsəydi, döyüş təcrübəsi olan 701-ci motoatıcı briqadamızın əsas qüvvələri ilə rastlaşıb çoxlu itkilər verər və heç vaxt Kəlbəcər rayonunun işğalına müvəffəq ola bilməzdi. Gərgin döyüşlərdə milli ordumuzun əsgər və zabitləri, hətta təlim keçməyən vətənpərvərlər əzmkarlıqla vuruşaraq son damla qanlarını belə əsirgəməyərək özlərindən 15 qat üstün olan düşmən qüvvələri qarşısında mətanətlə dayanırdılar. 1993-cü il martın 30-da “Kəlbəcər rayonu əhalisinin təxliyə edilməsi haqqında” ölkə rəhbərliyinin fərmanına uyğun olaraq Kəlbəcər rayon əhalisinin təxliyəsinə başlanıldı. Əsgərlərimiz son nəfəsində öz bədənlərini canlı sipər edərək, çoxsaylı düşmən hücumunun qabağını almaqla Kəlbəcər əhalisinin təxliyəsini təmin etdi. Kəlbəcərin işğalı aprel ayının 2-də başa çatsa da Azərbaycan əsgəri o ərazidə hələ aprelin 7-dək mübarizə aparıb və torpağı düşmənə verməməyə cəhd göstəriblər. Bu gün Kəlbəcər dağlarında döyüşlərdə şəhid olmuş 450 nəfər əsgərimiz qalır. Onları o bölgədən çıxarmaq mümkün olmadı. Əsgərlərimiz son nəfəsə və son gülləyədək döyüşürdülər.

Sonda Silahlı Qüvvələrin hərbi hissələrinin Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlara həsr edilmiş “Ultimatum” adlı tarixi-xroniki qısametrajlı sənədli film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti