...

Vətən müharibəsi şəhidi Xeyrulla İbrahimovun ad günüdür (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2022 09:56 (UTC +04:00)
Vətən müharibəsi şəhidi Xeyrulla İbrahimovun ad günüdür (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş oğullardan biri -şəhid polkovnik-leytenant Xeyrulla Mais oğlu İbrahimovun ad günüdür.

Əslən İsmayıllı rayonunun Basqal kəndindən olan Xeyrulla İbrahimov 1971-ci ilin aprel ayının 19-da Bakı şəhərində Mais və Xalidə İbrahimovların ailəsində anadan olmuṣdur..1978-1985-ci illərdə Suraxanı rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. 1988-1992-ci illərdə isə Ukrayna Respublikasında yerləşən Xmelnitski adına Ali Artilleriya Komandanlıq Məktəbində "Artilleriya" ixtisasına yiyələnmışdir. Qeyd etmək lazımdır ki, polkovnik-leytenant Xeyrulla İbrahimov çox uzun və şərəfli döyüş yolu keçmişdir. Həm Birinci,həm İkinci Qarabağ müharibəsinin iştirakçısı olan X.İbrahimov gənc yaşlarından hərbi diviziyon və hərbi hissə rəhbəri olmuşdur.

Xeyrulla İbrahimov 1992-1994- cü illərdə Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir . 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə yaralanmışdır,ancaq bu haqda ailəyə xəbər vermir.Anası Xalidə xanım deyir ki,bu hadisədən yaxınları bir neçə il sonra bir təsadüf nəticəsində xəbərdar olmuşdular.

Bir neçə ilə Xeyrulla İbrahimov leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə kimi yüksəlmişdir. 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. Görüṣlərin birində Ulu Öndər qəhrəmanımıza demiṣdir: "Sən gələcəyin Əliağa Ṣıxlınskisisən".

Könüllü olaraq 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılmışdır. 20 il davam edən qüsursuz xidməti ərzində "Kobra" ləqəbini qazanmışdır. X.İbrahimov Azərbaycanın peṣəkar hərbçilərdən biri sayılırdı. O,uzun illər Milli Qəhrəman general Polad Həṣımov və polkovnik İlqar Mirzəyev ilə çiyin-çiyinə döyüṣüb vətəni düṣməndən qoruyurdu.Üç il ardıcıl olaraq „Azərbaycanın ən yaxṣı zabiti” adına layiq görülmüṣdür.

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədildi və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuldu, nəticədə ölənlər və yaralananlar oldu. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verildi.

Ürəyi vətən həsrəti ilə çırpınan ehtiyatda olan polkovik-leytenant Xeyrulla İbrahimov Müdafiə Nazirliyinə könüllü müraciət edir ,onun müraciətinə dərhal baxılır və Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində müharibəyə yollanır. Xeyrulla İbrahimov Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ermənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında "Kobra" ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi üçün pul mükafatı belə təyin edilmişdi. Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev sərəncamına əsasən Xeyrulla İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı", "Azərbaycan bayrağı”ordeni", "Xocavəndin azad olunmasına görə” medalı", "Füzulinin azad olunmasına görə” medalı, "Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədi ilə 2021-ci ilin oktyabrın 26-da, şəhidin vəfatının ildönümündə Xətai İcra Hakimiyyətinın təşəbbüsü ilə Xətai rayonunda,şəhidin yaşadığı evin yaxınlığında park və xatirə lövhəsinin açılışı olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti