Bakı. Trend:
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında təşkil edilən “Dəniz kuboku” müsabiqəsinin başa çatması ilə əlaqədar avqustun 25-də Bakıda təntənəli bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Hərbi Dəniz
Qüvvələrinin qərargahında keçirilən mərasimdə Müdafiə Nazirliyinin
rəsmiləri, Milli Məclisin deputatları, hərbi attaşelər, iştirakçı
dövlətlərin, eləcə də yerli və xarici kütləvi informasiya
vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan və “Dəniz kuboku” haqqında videoçarx nümayiş
etdirilib, qalibiyyət kuboku və “Dəniz kuboku” müsabiqəsində
iştirak edən komandaların dövlət bayraqları meydana gətirilib.
Qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim
olunub.
Yarışda bərabər xal toplayaraq birinciliyi paylaşan Azərbaycan
Respublikasının və Rusiya Federasiyasının Dövlət Himnləri
səsləndirilib.
Bildirilib ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları
çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsinə beşinci ildir
ki, Azərbaycan ev sahibliyi edir. Ötən illərdə olduğu kimi, bu il
də bu müsabiqənin şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür
şəraitin yaradıldığı qeyd olunub. “Dəniz kuboku” müsabiqəsinin
dostluq, qardaşlıq və qarşılıqlı anlaşma şəraitində keçdiyi diqqətə
çatdırılıb.
Qeyd edək ki, “Dəniz kuboku” müsabiqəsində Azərbaycan, İran,
Qazaxıstan və Rusiyanın hərbi dənizçiləri “Artilleriya atışlarının
yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və
xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə
güclərini sınayıblar. Hərbçilərimiz “Dəniz kuboku” müsabiqəsində
ölkəmizi yüksək səviyyədə təmsil ediblər.
Müsabiqənin yekun nəticələrinə əsasən Azərbaycan və Rusiya hərbi dənizçiləri 225 xal toplayaraq birinci, Qazaxıstan komandası 208 xalla ikinci, İran komandası isə 178 xalla üçüncü yerə layiq görülüb.