Ağdam. Trend:
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həcminə, keyfiyyətinə və sürətinə görə dünya miqyasında bənzərsiz və qabaqcıl şəhərsalma standartlarına uyğun olaraq kompleks bərpa-quruculuq işlərini uğurla həyata keçirir.
Trend-in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, qısa müddət ərzində bu dərəcədə genişmiqyaslı işlərin paralel həyata keçirilməsi böyük sayda yüksək ixtisaslı layihəçi, memar, mühəndis və inşaatçıların cəlb olunması ilə yanaşı yeni effektiv institusional idarəetmə üsullarının tətbiqinin aktuallığını da artırmışdır.
“Dövlət başçımızın 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli və bərpayenidənqurma işlərində iştirak edən bütün təşkilatların fəaliyyətinin koordinasiyası məqsədilə bütün hökumət üzvlərinin daxil olduğu Əlaqələndirmə Qərargahı yaradılmışdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də bir çox digər Nazirlik və Dövlət Komitələri ilə yanaşı sözügedən Qərargahın üzvü qismində işğaldan azad edilmiş yaşayış məntəqələrinin əsas ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını təmin edir”, - deyə o əlavə edib.