...

Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2022 14:46 (UTC +04:00)
Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının bir qrup əməkdaşı Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) dəvəti əsasında Türkiyə Respublikasında rəsmi səfərdədir.

BMT-nin İşgəncələrə qarşı Alt Komitəsinin tövsiyələri də nəzərə alınmaqla təşkil olunan səfər çərçivəsində Ombudsman və nümayəndə heyəti TİHEK nümayəndələri ilə Mardin və Diyarbəkir şəhərlərində olublar.

Mardin şəhərinin valisi və Türkiyənin İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyət göstərən TİHEK üzvləri ilə görüşən Səbinə Əliyeva iki qardaş ölkə arasında müxtəlif istiqamətlərdə olduğu kimi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində də mövcud əməkdaşlıq əlaqələrinin davamlı olaraq inkişaf etdirilməsindən məmnunluğunu bildirib. S.Əliyeva Azərbaycan Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunun tələbləri əsasında MPM qismində həyata keçirilən başçəkmələr barədə ətraflı məlumat verib.

Eyni zamanda bildirilib ki, Azərbaycanda həyata keçirilmiş məhkəmə hüquq islahatları çərçivəsində qadın və uşaq məhkumlar üçün beynəlxalq standartlara cavab verən yeni müəssisələr inşa edilib, məhkumların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib, hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb.

İki qurum arasında 2021-ci ildə imzalanan Anlaşma Memorandumuna əsasən həyata keçirilmiş səfərin məqsədi Azərbaycan Ombudsman təsisatı ilə TİHEK-in MPM qismində fəaliyyətinə dair əldə etdikləri təcrübələrin mübadiləsi, əməkdaşlığın daha da inkişaf etdirilməsidir.

Səfər çərçivəsində Azərbaycan Ombudsman təsisatının və TİHEK-in əməkdaşları tərəfindən Mardin və Diyarbəkirdə yerləşən cəzaçəkmə müəssisələrinə, o cümlədən, uşaq cəzaçəkmə müəssisəsinə birgə başçəkmələr həyata keçirilib, məhkumların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının təmini vəziyyəti monitorinq edilib, Türkiyə dövlətinin cəzaların icrası sahəsində beynəlxalq standartlara uyğun islahatlar həyata keçirdiyi müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti