Bakı. Trend:
Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsində dağıntılar altından daha 6 meyit çıxarıblar.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olanFHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.