Bakı. Trend:
24 apreldə Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin rəsmi açılış mərasimi baş tutub.
Trend xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın
İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirin
əhəmiyyətini vurğulayaraq bildirib ki, bu layihə sadəcə bilik və
bacarıqların təkmilləşdirilməsi üçün deyil, həm də çoxtərəfli
münasibətlərin gücləndirilməsi üçün effektiv və səmərəli
platformadır.
Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı
çərçivəsində media sahəsində əlaqələrin gücləndirilməsinə töhfə
verməkdədir və hazırki layihə media sahəsində əməkdaşlığın inkişaf
etdirilməsi, təcrübə mübadiləsinin aparılması, müxtəlif ortaq
platformalar vasitəsilə ölkələrimiz haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaq. O,
Azərbaycanda jurnalistlərin peşəkarlığının və informasiya
istifadəçilərinin media savadlılığının artırılması məqsədilə həyata
keçirilən mühüm tədbirlərdən danışıb, media sahəsində sağlam
rəqabət mühitinin gücləndirilməsi üçün atılan addımları diqqətə
çatdırıb.
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova universitetin bu istiqamətdəki fəaliyyəti və bir həftə davam edəcək təlimlərin proqramı barədə məlumat verib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunub.
Sonra tədbir ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva tərəfindən “Müasir qlobal media trendləri”, xarici ekspert Ornella Ramasauskaite tərəfindən “Media-kommunikasiya”, “Fake news”, dezinformasiya və onlayn mediada nifrət nitqi” mövzularında təlimlərlə davam edib.