Bakı. Trend:
Avropanın meyvəçilik və tərəvəzçilik üzrə ixtisaslaşmış aparıcı kənd təsərrüfatı sərgilərindən olan İtaliyanın “MacFrut”un prezidenti Renzo Piraççini İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində 30-31 avqust tarixlərində ADA Universitetində kənd təsərrüfatı nümayəndələri ilə görüşüb.
ADA Universiteti tərəfindən Azərbaycana səfəri təşkil edilən Piraççini "Caspian Event Organisers" şirkəti, İtaliya Ticarət Agentliyi (İTA), "Azersun Holding" şirkətlər qrupu, Kənd təsərrüfatı nazirliyi və AZPROMO ilə görüşlərdə iştirak edib.
Avqustun 31-i ADA Universitetində ekspertin seminarı təşkil edilib. Seminarda kənd təsərrüfatı müəssisələri nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbirdə sürətlə dəyişən qlobal bağçılıq və tərəvəzçilik sektorundakı yüksək rəqabətə davam gətirmək üçün lazım olan bilik və bacarıqlar müzakirə edilib, texnologiya və innovasiya ilə ayaqlaşmağın əhəmiyyəti vurğulanıb.
"Bakıda olduğum müddətdə yerli marketlərdə aqrar məhsulların
qiyməti və keyfiyəti ilə bağlı müşahidə apardım. Məhsullarınız
kifayət qədər keyfiyyətlidir. Lakin həmin məhsulları dünya bazarına
çıxarmaq üçün ilk öncə onları beynəlxalq standartlara
uyğunlaşdırmaq, istehsalçılara nəzəri və praktiki dəstək göstərmək
vacibdir" - deyə Renzo Piraççini bildirib.
Bolonya Unviersitetinin professoru Matteo Vittuari və
İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi də
seminarda çıxış edərək yeni nəsil təhsil proqramlarının qurulması
üçün bu sahədə sənayelərarası əlaqələrin möhkəmlənməsinin
əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Renzo Piraççini Azərbaycana səfəri çərçivəsində Quba
və Qusar rayonlarına da səfər edərək meyvəçilik üzrə ixtisaslaşmış
yerli şirkətlər ilə görüşüb, iş prosesinin təşkili ilə tanış olaraq
fikir mübadiləsi aparıb.
Ekspertin ölkəmizə səfəri yerli mütəxəsislərin beynəlxalq
təcrübədən yararlanmasına xidmət edir. “MacFrut” sərgisi meyvə və
tərəvəzçilik üzrə ixtisaslaşmış şirkətlər üçün beynəlxalq tanıtım
platformasıdır. Bu platformanın nəzdində fəaliyyət göstərən
“MacFrut Academy” isə peşəkarlara qida təchizat zəncirinin idarə
edilməsi, o cümlədən “nou-hau” və innovasiyaların tətbiqi üzrə
zəngin biliklər təklif edir.
İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində baş tutan bu
tədbir ADA Universiteti ilə Bolonya Universiteti arasındakı
əməkdaşlığın mühüm bir hissəsidir və kənd təsərrüfatı və qida
sənayesi üzrə menecer və mütəxəssislərin beynəlxalq təcrübə
qazamanmasını asanlaşdırmağa xidmət edir. Bu akademik əməkdaşlıq
eyni zamanda Bolonya Universiteti ilə birgə ixtisasartırma,
bakalavr və magistr proqramlarının təqdim edilməsini əhatə
edir.