Bakı. Trend:
Azərbaycanda sərnişin və yük daşımalarını yerinə yetirən
avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin
reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə
görə cərimələr azaldılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə
dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, həmin xətaya görə vəzifəli şəxslər yüz
əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min
manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Hazırda isə bu xətaya görə vəzifəli şəxslər beş yüz manatdan
səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.