Bakı. Trend:
Lazer korreksiyası üsulunun bədənin reproduktiv funksiyasına təsir göstərməsinə dair məşhur mif öz təsdiqini tapmayıb.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin mütəxəssis-eksperti, oftalmoloq İmran Carullazadə açıqlayıb.
Onun sözlərinə görə, lazer korreksiyası çox mühüm ixtiradır.
“Elə hesab edin ki, eynəklər birbaşa gözlərinizə quraşdırılır. Bu, eynəkdən xilas olmaq üçün sürətli, ağrısız və ən əsası yüksək keyfiyyətli bir üsuldur. Təbii ki, burada məhdudiyyətlər də var”.
Mütəxəssis-ekspert bildirib ki, göstəriciləriniz yüksəkdirsə, məsələn, mənfi və ya müsbət 8-9, həmçinin yaşınız 40-50-dən yuxarıdırsa və buna əlavə olaraq buynuz qişanın incəlməsi müşahidə olunursa, görmə qabiliyyətini yaxşılaşdırmaq üçün digər eyni dərəcədə effektiv cərrahi üsullara müraciət etmək daha yaxşıdır: “Məsələn, yaxşı olar ki, göz içi linzalar qoyulsun. Bu da tez başa gələn və ağrısız bir prosedurdur, bir az lazer korreksiyasına bənzəyir”, - deyə mütəxəssis qeyd edib.