Bakı. Trend:
4 noyabr 2024-cü ildən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən ANEWZ beynəlxalq televiziya kanalı fəaliyyətə başlayıb. Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan-dünyaya çatdırılacaq.
Trend xəbər verir ki, ANEWZ siyasi, iqtisadi, mədəni və sosial sahələrdən operativ, dolğun xəbərlər, canlı yayımlar, tok-şoular, eksklüziv müsahibələr, sənədli filmlər təqdim edəcək.
Kanalın icraçı direktoru Rüfət Həmzəyev bildirib ki, ANEWZ-un proqram siyasətində məzmun rəngarəngliyi, həmçinin, təmsil etdiyimiz regionun beynəlxalq münasibətlər sistemində əhəmiyyəti xüsusi vurğulanacaq, dünya ictimaiyyətinin buraya fərqli bucaqdan baxışı təmin olunacaq.
Kanalın baş redaktoru Qay Şoun vurğulayıb ki, ANEWZ beynəlxalq auditoriyanın axtardığı qərəzsiz, neytral və regional perspektivi təqdim edən alternativ xəbər kanalıdır:
"Beynəlxalq media təmsilçisi olaraq, yüksək redaksiya standartları və etibarlı xəbər mənbəsi olmaq əsas məqsədlərimizdəndir".
Bildirilib ki, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər.
Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər.
Beynəlxalq ingilisdilli kanal kimi ANEWZ yüksək jurnalistika standartlarını, o cümlədən, beynəlxalq və yerli istedadları bir araya gətirir. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir.