Bakı. Trend:
22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib:
"Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.
Hazırda ibtidai istintaq davam etdirilir", - məlumatda qeyd edilib.