Bakı. Trend:
Azərbaycan Qoşulmama Hərəkatı və BTQ-dəki fəaliyyəti çərçivəsində dünya səviyyəsində müstəmləkə siyasətinə qarşı çıxıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov Makronizmdən, Fransa zülmündən əziyyət çəkən dənizaşırı ərazilər, Kiçik ada ölkələri ilə Azərbaycan vətəndaş cəmiyyətlərinin dialoqunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın QHT sektoru, vətəndaş cəmiyyəti və media sektoru da bu məsələdə olduqca aktivdir:
“Parlamentdə bu mövzuda fəal şəkildə çıxışlar edirik və media ilə işləyirik.
Azərbaycan uzun müddət müstəmləkəçilikdən əziyyət çəkdiyi üçün bu məsələlərdə aktiv fəaliyyət göstərir.
Bu gün müstəmləkəçilikdən əziyyət çəkən və bu istiqamətdə mübarizə apran dövlətlərlə həmrəyik”.
Deputat vurğulayıb ki, müstəmləkəçilik mövzusu gündəmə gələndə üç qrup dövləti fərqləndirmək olur:
“Bir qrup zamanında müstəmləkə atında olublar, bir qrup dövlət bu gün hələ də müxtəlif dövlətlərin müstəmləkəsidirlər. Üçüncü qisim isə nisbətən kiçik dövlətlərdir. Onlar nə vaxtsa müstəmləkəyə çevrilmək təhlükəsi ilə üzə-üzədirlər. Afrikadakı bir çox əraziləri müstəmləkədə saxlayan dövlətlər bu üçüncü qrup ərazilərə göz dikirlər”.
Millət vəkili qeyd edib ki, indiki dövrdə insan hüquqları, ətraf mühitin mühafizəsi adı altında müstəmləkəçilik siyasəti tamamilə fərqli şəkildə təzahür edir.