Bakı. Trend:
Martın 15-də “Nargis” Fondunun təşkilatçılığı ilə baharın gəlişini müjdələyən “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası yenidən Bakı sakinləri və qonaqları üçün xalqımızın sevimli bayramı Novruzun ab-havasını yaşatmaq üçün qapılarını açdı.
2019-cu ildən etibarən keçirilən bu yarmarka şəhərimizin mərkəzində bayram ab-havası yaratmaqla yanaşı, eyni zamanda yardıma ehtiyac duyan ailələrə ümid işığı olur. Belə ki, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.
“Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası martın 15-dən aprelin 15-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, ”Azərişiq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Strafor Kəsim” və “E Point”-dır.
Xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holding”, “Azercell”, ”Coca-Cola”, ”Baku Steel Company”, “Azergold”, “Yango”, ”Lays”, “CityNet”, “Corndogs” , “Magnolia by Chocolatier” və ”Eat me Kumpir” şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.
Yarmarka 36 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, Novruz bayramına aid peşəkarlar tərəfindən hazırlanmış dekorativ konstruksiyalar, balaca köşklər, oyun zonaları, fotozonalardan ibarətdir. Həmçinin, yarmarka konseptinə yeniliklər edilərək şəhər sakinlərinin marağına səbəb olacaq yeni tematik guşələr istifadəyə verilmişdir.
Hər il olduğu kimi, internat məktəbləri, uşaq evləri, sığınaqlar və sosial xidmət müəssisələrinin himayəsində olan uşaqlar yarmarkanın özəl qonaqları olacaqlar.
Yarmarkanın qonaqları münasib qiymətə şirniyyatlar, milli və xarici mətbəxin ləziz təamlarını dada, eksklüziv suvenirlər və hədiyyələr əldə edə, hər yaşa uygun oyunlar oynaya, şəkillər çəkdirə, və ən önəmlisi Novruz bayramının həyəcanı və sevincini birlikdə paylaşa biləcəklər.
Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, hər birinizi “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasında gözləyirik! Gəlin yazın gəlişini birlikdə qarşılayaq!