Bakı. Trend:
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Kür Su Təchizatı İdarəsi 1970-ci ildən içməli su istehsalını həyata keçirir. İdarənin ərazisində yerləşən Kür Su Kəmərləri Kompleksinin sutəmizləyici qurğuları Kür çayının səthi suları bazasında layihələndirilərək tikilib.
Trend
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir
ki, Kür sutəmizləyici qurğuları hər biri sərbəst fəaliyyət
göstərməklə bir-biri ilə paralel yerləşdirilib və eyni ərazidə
tikilib. Bu kompleks şərti olaraq KÜR-1 və KÜR-2 adlandırılıb.
KÜR-1 su kəmərləri iki mərhələdə, 1970 və 1971-ci illərdə tikilərək
istismara verilib. KÜR-2 Sutəmizləyici Qurğuları Kompleksi isə üç
mərhələdə - 1984, 1986 və 1988-ci illərdə inşa olunub. Qurğular
əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatına xidmət
edir.
Kür çayından nasoslar vasitəsilə götürülən su üfüqi-horizontal
durulduculara ötürülür. Bu barədə məlumat verən Kür Su Təchizatı
İdarəsinin rəisi Eldəniz Həsənov bildirib ki, növbəti mərhələdə
ilkin xlorlanma, reagentlənmə işləri aparılandan sonra su süzgəclər
sexinə ötürülür. Bu zaman süzgəcdən keçdikdən sonra təmiz su
anbarına daxil olur. Bu prosesin ardından su nasoslar vasitəsilə
magistral xətlərə yönləndirilir.
Kür çayı qar, yağış və sel suları ilə qidalandığı üçün bulanıqlıq həddi normadan yuxarı olur. Bu halda radial su durulducuları işə salınır. Radial durulducularda çökdürülmə prosesləri zamanı kimyəvi reagentlərdən istifadə olunur, nəticədə durulma effektliyi 80-85%-ə qədər artırılır. Bu duruldulmanın birinci pilləsi adlanır. İkinci pillədə isə şəffaflanma prosesi üfüqi tipli durulducularda aparılır. Kür sutəmizləyici qurğularda texnoloji ardıcıllıqlara uyğun olaraq üçünçü pillə təmizləmə-tam şəffaflanma adlandırılır, bu proses sürətli süzgəclərdə aparılır. Emal prosesləri zamanı sular süzgəclərdən keçirilərək içməli su həddinə çatdırılır. Süzgəclərdə təmizlənmiş su təmiz su rezervuarına toplanılır və oradan da qaldırıcı nasoslar vasitəsilə Bakı şəhərinə və digər tələbatçılara verilir. Bütün bu proseslərə Kür Su Təchizati İdarəsinin mütəxəssisləri nəzarət edir.
Eldəniz Həsənov Kür Sutəmizləyici Qurğuları Kompleksində mövcud olan laboratoriya haqqında məlumat verərkən bildirib ki, laboratoriyada işlər fasiləsiz icra olunur. “Həmçinin Şirvan şəhərində yerləşən regional laboratoriyada da həftədə 2 dəfə suyun tərkibi yoxlanılır. Qarşıda qoyulan öhdəliyə əsasən əhaliyə çatdırılan su yüksək keyfiyyətə cavab verməlidir. Biz də çalışırıq ki, bu tapşırığı layiqincə yerinə yetirək”.
Qeyd edək ki, Kür Su Təchizatı İdarəsi aran bölgəsinin 7 rayonuna xidmət göstərir. Bu rayonlar Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları və Şirvan şəhəridir. Bundan başqa magistral kəmər boyu kənd və qəsəbələrə də keyfiyyətli Kür suyu verilir.