...

"Patent haqqında" Qanunda dəyişikliklər üçüncü oxunuşda təsdiqləndi

Cəmiyyət Materials 10 Fevral 2026 12:20 (UTC +04:00)
"Patent haqqında" Qanunda dəyişikliklər üçüncü oxunuşda təsdiqləndi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İxtira, faydalı model və sənaye nümunələrinin hüquqi mühafizəsi qaydalarında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Patent haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, qanun layihəsi aşağıda qeyd edilən məsələləri tənzimləyir:

  • Beynəlxalq təcrübəyə uyğun olaraq qanuna bir sıra yeni anlayışların daxil edilməsi;
  • İxtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması. Qanun layihəsinə görə ekspertiza müddəti (hazırda ekspertiza müddəti 12 ay təşkil edir) əhəmiyyətli dərəcədə azalacaq;
  • Patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin çevikliyinin artırılması və ekspertizanın sürətləndirilməsi;
  • İxtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinə müraciət etməklə həyata keçirə biləcəklər. Hazırda Qanuna əsasən Azərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxslər iddia sənədlərinin verilməsi və patentin alınmasınadək olan mərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digər prosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirməlidirlər. Bu da əlavə vaxt və vəsait itkisinə, xüsusilə patent alınması ilə bağlı daxilolmaların həcminin azalmasına səbəb olur, həmçinin xarici vətəndaşlara münasibətdə ixtira və patent fəallığı azalır.
  • Qanun layihəsi patent göstəriciləri üzrə ölkəmizin beynəlxalq reytinqinin artmasına xidmət edəcəkdir;
  • İddiaçıların iddia sənədlərinin tərtib olunması və verilməsində üzləşdikləri texniki çətinliklərin azaldılması.
  • İşəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi bazanın formalaşdırılması. Belə ki, ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcəkdir;
  • İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri əhatə edən sənaye mülkiyyəti sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti