Oktyabrın 20-də Prezident Aparatının keçmiş işlər müdiri, 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhddə təqsirləndirilərək həbs edilmiş Akif Muradverdiyev Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində keçirilən ilk məhkəmə baxışında ifadə verib. Trend in xəbərinə görə, məhkəmə iclasına hakim Tofiq Paşayev sədrlik edib.
A.Muradverdiyevə qarşı dövlət çevrilişinə cəhdlə bağlı ittihamdan əlavə Cinayət Məcəlləsinin 179.3.2-ci (xüsusi külli miqdarda mənimsəmə və israfetmə), 308.2-ci (xidməti vəzifəsindən sui-istifadə), 311-ci (rüşvət almaq) və 312-ci (rüşvət vermək) maddələri ilə ittihamlar da verilib və hazırda o, dövlət çevrilişinə cəhd ittihamı istisna olmaqla digər ittihamlarla əlaqədar məhkəmə qarşısında dayanıb.
Məhkəmə iclasında ittiham aktı elan olunub və A.Muradverdiyev ifadə verib.
Dövlət çevrilişinə cəhd ittihamına gəlincə isə, bu, ümumi cinayət işi çərçivəsində təhqiq edilir. Xatırladaq ki, 2005-ci ilin oktyabrında hüquq-mühafizə orqanları hakimiyyəti ələ keçirməklə bağlı sui-qəsdin üstünü açıb. Bununla bağlı bir sıra yüksək rütbəli məmurlar, o cümlədən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov, Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev və s. şəxslər həbs ediliblər. Hazırda bu cinayət işi üzrə istintaq Milli Təhlükəsizlik Nazirliyində davam edir.