...

Hacı Məmmədovun məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib

Cəmiyyət Materials 15 Noyabr 2006 13:47 (UTC +04:00)

Noyabrın 15-də Hacı Məmmədovun məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Məhkəmə iclasında Ülvan Bağırovun banda tərəfindən oğurlanması epizodu üzrə onun yaxın dostu Vaqif İmanov ifadə verərək bildirib ki, Ülvan oğurlanandan sonra adam oğruları ilk olaraq ona zəng vurublar. "Adam oğruları ilə təqribən 15 gün telefonla mən danışdım. Onlar Ülvanın azad olunması üçün 700-800 min dollar istəyirdilər. Sonra isə adam oğruları Ülvanın ailə üzvləri ilə əlaqə saxlamağa başladılar. Ülvana görə adam oğrularına nə qədər pul verilməsi barədə məlumatım yoxdur" - deyə şahid qeyd edib.

Sonra şahid qismində "Qarabulaq" istirahət mərkəzinin keçmiş meneceri Təranə Kubinskaya ifadə verərək istirahət mərkəzindəki məişət və digər xərclər barədə məlumat verib.

Əhməd Məmmədovun oğurlanması epizodu üzrə isə Ələkbər Əliyev soyadlı şəxs şahid qismində ifadə verib. O bildirib ki, Əhməd Məmmədovun oğurlanmasının canlı şahidi olub. "Avtomobil təmiri sexində işləyirdim, Əhməd mənim yanımda idi. Sexin qarşısında maşın dayandı və üç nəfər ağxalatlı düşərək Əhmədə yaxınlaşdı, mən yalnız onda gördüm ki, həmin şəxslərin əlində avtomat var, onlar Əhmədi maşına mindirərək naməlum istiqamətə apardılar" - deyə şahid bildirib.

Məhkəmə iclası şahid dindirmələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti