...

Azərbaycanda Atom Elektrik Stansiyasının tikintisi üçün hökumətə təkliflər zərfi təqdim olunub

Cəmiyyət Materials 4 Aprel 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün hökumətə təkliflər zərfi təqdim olunub. Bu barədə çərşənbə günü Trend ə eksklüziv müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. Onun sözlərinə görə, təkliflər xarici işlər naziri Elmar Məmmədyarovun instituta müraciətindən sonra hazırlanıb.

Təkliflərdə AES-in tikintisi üçün əsaslandırmada nüvə reaktorlarının növləri göstərilib və 1500 MqV gücündə olması tövsiyə olunub. Nüvə enerjisinin dünyada durumu, istifadə olunması miqyasının təhlili aparılıb və nüvə reaktorlarının növləri araşdırılıb. Belə bir qənaətə gəlinib ki, gələcəkdə - 25-30 ildən sonra neft-qaz tükənən dövrdə ölkə əsasən nüvə enerjisinə keçməlidir. Güman edirik ki, Azərbaycan dövləti bu məsələni həll edəcək. Çünki Azərbaycanda digər enerji mənbələri olan külək, günəş, hidroenerjisi makisimum halda Azərbaycanın enerji təminatının 20 faizini həyata keçirə bilər.

Onun sözlərinə görə, Azərbaycanın bugünki energetik balansını və gələcək perspektivini analiz edərək belə bir qərara gəlinib ki, təxminən 25-30 ildən sonra ölkədə böyük energetikanı təmin edəcək enerji daşıyıcıları tükənəcək. Həmin dövrdə alternativ enerji mənbəyi lazım olacaq. Ona görə bütün normal dövlətlərdə olduğu kimi Azərbaycan da indidən alternativ enerji axtarışlarını həyata keçirməlidir. Azərbaycanda neft-qazdan başqa yanacaq ehtiyatları yoxdur. Artıq Azərbaycan hökuməti tərəfindən ilk addımlar atılır. AES-in tikintisi üçün əsasən Nəvai ərazisi təklif olunub. Burada keçmiş sovetlər birliyinin planında AES-in tikintisi nəzərdə tutulmuşdu. Ancaq başqa yerlər də tövsiyyə olunub. İlkin təhlillər göstərir ki, AES-in tikintisi üçün Nəvai ərazisi əlverişli yerdir.

Qəribov AES-in törədə biləcəyi təhlükələlərə də münasibətini bildirib: "Bütün dünyada buraxılan nüvə reaktorları 9-12 bal gücünə hesablanır. Azərbaycanda isə 12 ballıq ərazi yoxdur və maksimal bal 9-dur. Daha çox seysmik zona sayılan Yaponiya, İndoneziyada nüvə reaktlərının xüsusi seysmik davamlılığını artıran əlavə qurğular da quraşdırılıb. Hesab edirəm ki, AES üçün seymik məsələ problem deyil. Reaktorların özünün təhlükəsizliyinə gəlincə, indi istehsal olunan yeni tip reaktrlarda bütün təhlükə doğura biləcək amillər nəzərdə tutulub. Əslində nüvə reaktrlarının qəza rejimi olduqca azdır. İndiyə kimi dünyada iki bu cür qəza halı məlumdur. Bunlar ABŞ-ın Trimeyl və Ukraynadakı Çernobıl qəzalarıdır. Bu qəzalar da texnoloji reqlamentlərə riayət olunmaması üzündən baş verib. İndiki reaktorlarda isə bütün qəza rejimi işlənilir".

Qəribov bildirib ki, Azərbaycan bu ildən AES-in tikintisinə başlasa, o, ən azı 2025-ci ildə hazır olacaq. Onun sözlərinə görə, Azərbaycanda AES-in tikintisi üçün BMT-nin Atom Enerjisi üzrə Dövlət Agentliyinin (MAQATE) müsbət rəyi var.

Politoloq Rasim Musabəyov Azərbaycanda AES-in tikintisinə lüzum gçrmədiyini bildirib və hesab edir ki, ölkədə enerji mənbəyi üçün kifayət qədər neft-qaz yataqları var. Onun sözlərinə görə, nüvə enerjisi Azərbaycan üçün baha başa gələr. Azərbaycanın küləkli və günəşli ölkə olduğunu nəzərə alsaq, AES-in tikintisi üçün əsas yoxdur. Digər tərəfdən, nüvə texnologiyası risqli məsələdir.

Xəbər lenti

Xəbər lenti