...

Moskvada ermənilərin yaraladığı azərbaycanlı ifadə verib

Cəmiyyət Materials 3 May 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Mayın 1-də Moskvada azərbaycanlı və erməni gənclər arasında yaranmış münaqişə zamanı Azərbaycan vətəndaşı Ağəli Alışov odlu silahdan atəş açılması ilə əlaqədar cinayət işi hələ açılmayıb. Bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) hüquqşünası Azər Əliyev cümə axşamı məlumat verib.

Onun sözələrinə görə, Alışov dostları ilə birgə Moskvanın Xalqlar Dostluğu Universitetində keçirilən bayram tədbirində iştirak edib. Orada erməni gənclərin Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin qondarma bayrağını qaldırması azərbaycanlıların etirazına səbəb olub. Alışov həmin bayrağı yerə atıb və bundan sonra dava başlayıb. Əliyevin sözlərinə görə, azərbaycanlı gənclər erməniləri döyüblər, ermənilərdən biri isə silahla Alışovu yaralayıb. Hər iki tərəfdən 30-40 nəfər saxlanılıb, lakin milis idarəsində onlara xəbərdarlıq edilib və hamısı sərbəst buraxılıb.

Əliyev bildirib ki, ermənilərin xəsarət yetirdiyi Alışov 64 saylı xəstəxanaya yerləşdirilib və cərahiyyə əməliyyatı olunub. Əliyevin sözlərinə görə, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

"Biz hadisə baş verən gün, həmçinin bu gün xəstəxanada Alışova baş çəkmişik. Bu gün onun anası Moskvaya gələcək. Alışov hadisə ilə bağlı ifadə verib, amma indiyədək cinayət işi açılmayıb. Alışovun hüquqlarını onun vəkili Namiq Əzimov müdafiə edir. Bu gün hadisə ilə bağlı ya cinayət işi açılacaq, yaxud da işə xitam veriləcək" - deyə hüquqşünas məlumat verib.

Xəbər lenti

Xəbər lenti