...

Coşğun Rəhimov: "Mən maşın həvəskarı deyiləm"

Cəmiyyət Materials 8 May 2007 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /müx. " E.Hüseynzadə/

Yay aylarının əvvəllərində "Lider" telekanalında "Ofis" adlı yeni realiti-şou start götürəcək. Bu layihə bir zamanlar Rusiy telekanalı NTV-də yayımlanan verlişə bənzəyir. "Ofis" verlişinin aparıcısı tanınmış aktyor Coşğun Rəhimov olacaq. Bu, onun verliş aparıcısı kimi ilk işidir. İndi isə sizə Coşğunun eksklüziv müsahibəsini təqdim edirik.

- Mümkünsə şounuzdan bir az ətraflı danışardınız.

- Verliş 1 iyundan etibarən başlayacaq. 15 nəfər iştirak edəcək. Hər şeyi SMS həll edəcək. Az SMS toplayan isə oyunu tərk edəcək. Amma verliş vaxtı tamaşaçılar oyunçunu SMS vasitəsilə xilas etsələr, onda o, kimi istəsə oyundan çıxarda bilər. Bu cür oyunun birinci on beş günü keçəcək. Bütün tapşırıqları "Mister X" verəcək və oyunun sonuna qədər onun kim olduğunu heç kəs bilməyəcək. Hərçənd ki, hər dəfə bəzi atmacalar olacaq.

- "Ofis" oyununda hansı işlər görüləcək?

- Ən əsas yaradıcılıqla bağlı işlər. Yeri gəlmişkən, hər gün "işçilərə" 10 manatdan yuxarı pul veriləcək. Əsas mükafat isə 20.000 manat olacaq.

- Siz heç vaxt aparıcı olmamısınız. Bu sizin ilk işinizdir. Sizcə, çətin olmayacaq?

- Bir ay ərzində hər gün 23:30-dan saat 01:00-a qədər canlı efirdə olmaq təbii ki, çətin olacaq.

- Siz ciddi aparıcı olacaqsınız?

- Yəqin ki, zarafat etməyəcəm. Mənə elə gəlir ki, şouda zarafata yer olmayacaq. Mən sadəcə aparıcı olacam. Nə iştirakçılardan, nə də ki, "Mister X"dan asılı olacam.

- Bəs siz Rafaellə məsləhətləşəcəksiniz? Axı o da təzəliklə aparıcı olub...

- Əlbəttə, məsləhətləşəcəm. O da həmişə ya mənimlə, ya da prodüsserimiz Müşfiq Abbasovla məsləhətləşir. Biz çalışırıq ki, hər şeyi birlikdə edək. Yəqin ki, şouya bir-iki gün mənə görə baxacaqlar. Bizim də məqsədimiz oyunun maraqlı keçməsidir. "Ofis" öz- özlüyündə çox maraqlıdır.

- Bu oyuna qədər sizə başqa şou-proqramda aparıcı olmağı təklif ediblər?

- "Ofis" kimi konkret olaraq yox. Həm də biizə bir şey təklif edəndə, Rafaellə fikirləşirik ki, cütlüyümüz uzun müddət ayrı olmasın. Layihəyə baxır, əgər layihə 1-2 illik olarsa, əlbəttə ki, razılaşmarıq.

- Şəxsi televiziya şounuzu açmaq istərdinizmi?

- Bizim belə fikrimiz var. Hətta proqramın skileti də hazırdır. Sadəcə yaxşı sponsor lazımdır. Bu verliş hamı üçün maraqlı və yadda qalan olmalıdır. Əsas məqsəd işdən evə yorğun gələnləri az da olsa problemlərdən uzaqlaşdırmaqdır.

- Yəqin çoxları bu sualı sizdən soruşur: maşını niyə aparmadınız?

- Hətta indi də soruşurlar. Mən maşını istəmirdim. Ümumiyyətlə, maşın sevmirəm. Rafaeldən sonra inanmırdım ki, finala gəlib çatardım.

- Əgər maşın həvəskarı deyildinizsə , bəs niyə şouya qoşuldunuz?

-Murad Dadaşova çox hörmət edirəm. Ona görə də onun təklifini qəbul etdim. Bir sözlə, şouya şouya görə qoşuldum, özümü reklam etmək üçün yox.

- Bəs sizin maşınınız vardı?

- Yox. Heç indi də yoxdur.

- Bəs evə nə ilə gedirsiniz?

-Taksi ilə.

- Bəs sizdən pul götürürlər?

- Hərdən hə, hərdən yox. Çalışıram ki, götürsünlər.

- Bəs Rafael maşını sevir?

- Bəli, çox.

- Onu "avtoş" adlandırmaq olar?

- Yox, nə danışırsınız. O, çox səliqəli sürücüdür. Rafael maşina insan kimi yanaşır. Maşında bir az səs eşidən kimi, "həkimə aparır". Rafaellə yol gedəndə əmin ola bilərsən ki, yolun ortasında qalmayacaqsan.

- "Maşın-şou" orada yığışan ulduzların gözünü açdı?

- Bəli, orada elələri vardı ki, mənim gözümdən düşdü, elələr vardı ki, əksinə. Mən onlardan gözləməzdim.

- Coşğun yəqin ki, çoxları bilmir ki, siz Rafaellə Gənclər Teatrında aktyorsunuz. Teatrda sonuncu rolunuz hansı olub?

- Keçən il "Sonuncu marş" tamaşasında olub. Biz həmin tamaşada iki qoca musiqiçi rolunu oynamışıq. Tamaşanın quruluşunu rəhmətlik Hüseynağa Atakişiyev qoymuşdu.

- Bəs sizi niyə "Bu şəhərdə"nin aktyoru kimi tanıyırlar?

- Son illər insanlar çox az-az teatra getməyə başlayıblar. Hər teatrın özünün tamaşaçısı olmalıdır. Hətta iyirmi il bundan əvvəl də belə idi. İndisə yox. Biz on beş ildir teatrda oynayırıq, efirdən isə yeddi ildir tanıyırlar. Teatrda bizdən də yaxşı aktyorlar var, lakin onları tanımırlar.

-Siz adətən qadın rollarında çox olursuz. Bu obrazda ən çətin olan nədir?

- Burada asan heç nə yoxdur. Hamısı çətindir. İnan ki, qadın rolunu hər aktyor oynaya bilməz.

- Siz birinci dəfə qadın geyimində səhnəyə nə vaxt çıxmısınız?

- Bu çoxdan olub. Biz axı Rafaellə yeni il şənliklərində çıxış edirdik. 12 tamaşa dalbadal olurdu. Sonuncu konsertimizdə biz həmişə rollarımızı dəyişirdik. Təsəvvür edin ki, şahın qızı rolunda səhnəyə mən çıxıram.

- Komik rolları ifa etmək sizi bezdirməyib ki?

- Siz sualı düz vermədiniz. Deməliydiniz ki, "Sizi fəciəvi rollar oynamaq bezdirməyib?" Biz əslində faciəvi rollar oynayırıq. Bugünki cəmiyyətimizin faciəsini oynayırıq. Biz o adamlara gülürük ki, onlara baxanda adamın halı dəyişir. Biz onları göstərəndə demək istəyirik ki, belə yaşamaq olmaz!

Xəbər lenti

Xəbər lenti