Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Son bir ildə 400-ə yaxın içməli su nümunəsində aparılmış kimyəvi və bakterioloji müayinələr zamanı nəticələrin heç biri dövlət standartlarına cavab verməyib. Bu barədə çərşənbə axşamı Salyan Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Problemin həlli üçün artıq dövlət səviyyəsində tədbirlər görülməyə başlanıb. Bu ilin sonuna kimi Kür və Araz çayı boyunca yerləşən yaşayış məntəqələrinin hələlik 45-də modul tipli su təmizləyici qurğu quraşdırılması planlaşdırılıb. İcrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmış bu tədbirə ilkin olaraq 3 mln. manat vəsait ayrılıb. 45 təmizləyicinin 7-sinin Salyanın kəndlərində quraşdırılması nəzərdə tutulub. Bu məqsədlə Salyan rayonunun Aşağı Noxudlu, Yuxarı Noxudlu, Türkan, Seid Sadığlı, Xocalı, Ərəbqardaşbəyli, Təzəkənd kəndlərinə gedən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Torpaq Komitəsinin müvafiq qurumlarının mütəxəssisləri qurğuların yerləşdirilməsi üçün yerli bələdiyyələrlə birgə məsləhətləşmələr apararaq yerlər müəyyən ediblər.
Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.