...

Azərbaycan mətbuatına yardım proqramında reklamla bağlı təkliflər həyata keçiriləcək

Cəmiyyət Materials 19 İyul 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Mətbuat Şurasının Prezident Aparatına təqdim etdiyi "Mətbuatın inkişafına yardım proqramı" müzakirə olunur. Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Onun sözlərinə görə, proqramda qəzetlərə yardım üçün reklamla bağlı təklif olunan maddələr həyata keçiriləcək.

Amaşov həmçinin bildirib ki, iyulun 20-də Azərbaycan Dövlət Filarmoniyasında "Media açarı" yazı müsabiqəsinin qaliblərinə mükafatların təqdimetmə mərasimi keçiriləcək. Amaşov bildirib ki, müsabiqədə qaliblər beş nominasiya üzrə müəyyənləşiblər. Xüsusi mükafatlar da bura daxil edilməklə ümumilikdə 18-ə yaxın mükafat veriləcək. Müsabiqədə birinci yerin qalibinə 300 manat, ikinci yerin qalibinə 200, üçüncü yerin qalibinə 100 manat, xüsusi mükafatların qaliblərinə isə 150 manat pul mükafatı veriləcək.

Amaşov onu da deyib ki, Milli Mətbuat Günü ilə bağlı həbsdə olan jurnalistlər dövlət başçısı tərəfindən əfv oluna bilər. Amma bu məsələ prezidentin qısamüddətli məzuniyyətdən qayıdışından sonra həllini tapa bilər.

Amaşovun sözlərinə görə, jurnalistlərə mənzil tikilməsi üçün yer ayrılması ilə bağlı Prezident Aparatına edilən müraciətə də müsbət cavab veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti