...

Bakı Apellyasiya Məhkəməsi sabiq millət vəkili Hüseyn Abdullayevin şikayətinə baxıb – versiya 3

Cəmiyyət Materials 6 Avqust 2007 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Sabiq millət vəkili Hüseyn Abdullayevə Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş şərti olaraq iki il müddətinə azadlıqdan məhrumetmə cəzasının ləğv olunması və ona bəraət verilməsi üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediləcək. Bu barədə bazar ertəsi Bakıda Abdullayevin vəkili Cavanşir Süleymanov məlumat verib.

Vəkil qeyd edib ki, o və müdafiə etdiyi şəxs Azərbaycan mühakiməsinin ədalətli olmasına şübhə etmirlər: "Biz hələ də ümid edirik ki, Azərbaycan məhkəmələrində ədalətə nail olacağıq. Əgər bu baş verməsə, ölkə daxilində bütün məhkəmə instansiyalarını keçdikdən sonra, lazım olsa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyik".

Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə Abdullayevin baəsində Səbail Rayon Məhkəməsinin çıxartdığı iki il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzasının ləğv olunması, sabiq deputata bəraət verilməsi və onun deputat mandatının bərpa olunması haqda şikayətə baxılıb və şikayət təmin olunmayıb. Müdafiə tərəfi bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarını alan kimi Ali Məhkəməyə kasassiya şikayəti verəcəklər.

Milli Məclisdə martın 16-da millət vəkili Fəzail Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Baş prokuror Zakir Qaralovun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında Abdullayevin deputat toxunulmazlığı ləğv olunub və həmin gün o, məhkəmənin qərarı ilə həbs edilib.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam verilib. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub, o, iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Milli Məclisin İntizam Komissiyası baş vermiş insidentə görə Ağamalıya töhmət verib.

Xəbər lenti

Xəbər lenti