...

Azərbaycanın qadın güləşçiləri ilk günü medalsız başa vurdular

İdman Materials 28 Sentyabr 2012 10:47 (UTC +04:00)
Kanadanın Strazqona şəhərində qadın güləşçilərin dünya çempionatı keçirilir.
Azərbaycanın qadın güləşçiləri ilk günü medalsız başa vurdular

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Kanadanın Strazqona şəhərində qadın güləşçilərin dünya çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın proqramına əsasən, sentyabrın 27-də 51, 59 və 67 kq çəki dərəcəsində güləşçilər qüvvələrini sınayıblar.

51 kq-da mübarizə aparan Anjela Doroqan yarışa 1/8 finalda ABŞ təmsilçisi Alissa Lampe ilə görüşlə başlayıb. Ancaq görüş təmsilçimiz üçün uğurlu olmayıb.

59 kq-da Yuliya Ratkeviçin 1/8 finaldakı rəqibi Türkiyə güləşçisi Elif Jale Yeşilirmak olub. Güləşçimiz bu görüşü (3:0, 3:0) qələbə ilə başa vurub. ¼ finalda Böyük Britaniya təmsilçisi Olqa Butkeviçlə gərgin keçən görüşdə güləşçimiz (0:1, 1:0, 5:1) məğlub olub.

Və nəhayət, Nadya Sementsova ilk olaraq 1/8 finalda İsveç təmsilçisi Katarina Yohanssonla görüşdən (1:0, 1:0) qalib ayrılsa da, ¼ finalda Kanada təmsilçisi Erzsebet Doroti Yeatsa (0:1, 2:5) uduzub.

Çempionatın 2-ci günündə 55 və 72 kq çəkidə qaliblər müəyyənləşəcək. Güləşçilərimizin ilk rəqibləri bəllidir. 55 kq çəkidə Yarina Dubovska 1/8 finaldan mübarizəyə qoşulacaq, onun ilk rəqibi Polşa təmsilçisi Katarina Kravçik olacaq. 72 kq çəki dərəcəsində Natalya Palamarçukun 1/8 finalda rəqibi isə qazaxstanlı Gözəl Manyurova olacaq.

Xəbər lenti

Xəbər lenti