...

Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarına idman dırmanmasının da daxil ediləcəyi gözlənilir (FOTO)

İdman Materials 24 Aprel 2013 15:46 (UTC +04:00)
İdman dırmanmasının 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunları sırasına daxil edilməsinə dair Bakıda müzakirələr aparılır.
Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarına idman dırmanmasının da daxil ediləcəyi gözlənilir (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

İdman dırmanmasının 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunları sırasına daxil edilməsinə dair Bakıda müzakirələr aparılır. Bu barədə Trend-in suallarını cavablandıran Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSС) Avropa Komissiyasının prezidenti Volfqanq Vabel deyib.

Vabel bildirib ki, o, idman dırmanmasının I Avropa Olimpiya Oyunları sırasına daxil ediləcəyinə inanır.

"Azərbaycana gəlişimin məqsədi idman dırmanması növünün 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan I Avropa Olimpiya Oyunlarına daxil edilməsidir. Mən bu məsələdə çox nikbinəm. İnanıram ki, yerli qurumların, Azərbaycanın Gənclər və İdman Nazirliyinin, eyni zamanda, Avropa Olimpiya Komitəsinin dəstəyi ilə bu idman növü Olimpiya Oyunları sırasına daxil ediləcək", - Vabel qeyd edib.

Azərbaycanda çoxlu olimpiya idman komplekslərinin inşa edilməsini təqdir edən IFSС-nin Avropa Komissiyasının prezidenti həmin komplekslərdə idman dırmanması növü üzrə avadanlıqların quraşdırılması arzusunu da dilə gətirib. Onun fikrincə, əgər idman dırmanması növü 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları siyahısına daxil edilsə, bu, həmin yarışların rahat keçirilməsinə şərait yaradacaq.

Vabel bildirib ki, Bakıda keçiriləcək Olimpiya Oyunlarında bu idman növü üzrə 15-20 ölkədən dünyanın ən yaxşı 60 atletinin iştirak edəcəyi planlaşdırılır. Onlardan 30-u kişi, 30-u isə qadın olacaq.

Onun sözlərinə görə, dünya çempionatlarında və dünya kuboku yarışlarında azərbaycanlı hakimlərin təyinat alması üçün onlar mötəbər tədbirlər və yarışlarda iştirak etməli, beynəlxalq təcrübə toplamalıdırlar. Bu məqsədlə IFSC Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası ilə birgə Azərbaycan hakimləri, o cümlədən idmançıları üçün treninq və təlimlərin keçirilməsi də nəzərdə tutur.

"Burada bizim federasiyanın çox fəal üzvlərindən olan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası mövcuddur. Çox qısa zaman ərzində yaranmasına baxmayaraq, bu federasiya çox fəal üzvlərimizdən birinə çevrilib. Bu ilin iyun ayında idman dırmanması üzrə Dünya Kuboku üzrə yarışların Bakıda keçirilməsi isə bunu bir daha sübut edir ki, Azərbaycanda da bu idman növü inkişaf edir. Biz də Beynəlxalq İdman Dırmanması Federasiyası olaraq bunu dəstəkləyirik", - Vabel əlavə edib.

Qeyd edək ki, Volfqanq Vabel bu gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovla, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla, o cümlədən federasiyanın idman klublarının fəalları ilə görüşərək idman dırmanmasının I Avropa Olimpiya Oyunları sırasına daxil edilməsinə dair müzakirələr aparıb. Bundan əlavə, onun Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə də görüşü gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti