...

Azərbaycan velosipedçilərinin Federasiya birinciliyi başa çatdı (FOTO)

İdman Materials 11 İyul 2014 17:05 (UTC +04:00)
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) illik təqvim-planına əsasən keçirilən U-15 və U-17 yaş kateqoriyaları üzrə fərdi və qrup ötüşmələri üzrə Federasiya birinciliyinə yekun vurulub.
Azərbaycan velosipedçilərinin Federasiya birinciliyi başa çatdı (FOTO)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) illik təqvim-planına əsasən keçirilən U-15 və U-17 yaş kateqoriyaları üzrə fərdi və qrup ötüşmələri üzrə Federasiya birinciliyinə yekun vurulub.

Federasiyadan Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində keçirilən yarışda AzVİF-in nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 50-dən artıq idmançısı mübarizə aparıb.

Proqrama əsasən, son yarış günündə qrup ötüşmələri üzrə qaliblər müəyyənləşib - 15 yaşadək idmançılar 3,8 km-lik marşrut boyunca 3, 17 yaşadək velosipedçilər isə 5 dövrə vurublar. Nəticələrə gəlincə, U-15 yaş kateqoriyasında "Sərhədçi" İdman Olimpiya Mərkəzinin təmsilçisi, fərdi ötüşmədə də hamıdan güclü olan Maqsud Həsənov marşrutu 19 dəqiqə, 39 saniyəyə qət edərək 1-ci yeri tutub. 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndələri Ravil Xıdırov və Xankişi İsgəndərov çempiona müvafiq olaraq 6 və 16 saniyə uduzmaqla ilk üçlüyü tamamlayıblar.

U-17 yaş kateqoriyasında isə əsas mübarizə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndələri arasında gedib və fəxri kürsüyə də məhz onlar qalxıblar. Məsafəni 32 dəqiqə, 10 saniyəyə qət edən Nicat Oruczadə komanda yoldaşları Maksim Naperstkovu 4, Mikayıl Səfərlini isə 5 saniyə qabaqlayıb.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti